İran ABŞ-la danışıqlara aydınlıq gətirdi: Qərar verilməyib

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 13:50

İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la mümkün dolayı danışıqların bərpası barədə hələ qərar verilmədiyini, Omanla aparılan müzakirələrin isə Hörmüz boğazında gəmi marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı texniki xarakter daşıdığını bildirib.

Gununsesi.info xəbər verir ki, “Anadolu” agentliyi bu barədə İranın xarici işlər nazirinin açıqlamalarına istinadən məlumat yayıb.

Araqçi bildirib ki, İslamabad razılaşmasında əsas məsələ “müharibənin başa çatdırılması” olub və sənəddə müharibənin başa çatdığı elan edilib. Onun sözlərinə görə, ABŞ razılaşmanı pozduqdan sonra qarşıdurma yenidən başlayıb.

Nazir ictimaiyyətdə müzakirə olunan 60 günlük atəşkəs məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, sözügedən 60 gün yekun razılaşmanın əldə olunması məqsədilə danışıqlar üçün nəzərdə tutulan müddət olub və bunu 60 günlük atəşkəs kimi qiymətləndirmək düzgün deyil.

Araqçi vurğulayıb ki, Qətər və Pakistan vasitəçilər kimi tərəflər arasında mesaj mübadiləsi aparır və İranla əlaqə saxlayırlar. Lakin bunun danışıqlar anlamına gəlmədiyini deyən nazir ABŞ-la danışıqların yenidən başlanması barədə hələlik heç bir qərar qəbul edilmədiyini bildirib.

İranın Omanla apardığı görüşlərə toxunan Araqçi isə bunun tamamilə başqa məsələ olduğunu açıqlayıb. Onun sözlərinə görə, görüşlər Hörmüz boğazında gəmilərin hərəkəti üçün dəniz marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı texniki işlərdir.

Nazir bildirib ki, əvvəllər istifadə olunan dəniz marşrutları artıq fəaliyyət üçün yararlı deyil və yeni marşrut müəyyənləşdirilməlidir. Hazırda müvəqqəti marşrut üzərində iş aparıldığını, daha sonra bunun daimi marşruta çevriləcəyini deyib.

Araqçi görüşlərin tamamilə texniki xarakter daşıdığını, İran və Oman ekspertlərinin bu işdə iştirak etdiyini, İran Silahlı Qüvvələrinin də prosesə cəlb olunduğunu qeyd edib.

O, Hörmüz boğazının açılması məsələsi ilə gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi üzrə texniki müzakirələrin ayrı-ayrı məsələlər olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, boğazın yenidən açılıb-açılmaması ABŞ-ın yerinə yetirməli olduğu digər şərtlərdən asılıdır.

Gununsesi.info