Ermənistanın qeyri-konstruktiv mövqeyi bəyanatların icrasına mane olur – Nazir

  • By admin
  • 26 İyul 2021 14:28

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da və bu ilin yanvar ayının 11-də imzalanan üçtərəfli bəyanatların bir sıra müddəaları icra olunub, bəzi müddəalar icra olunur, ancaq Ermənistan tərəfindən sərgilənən qeyri-konstruktiv mövqe bu bəyanatların tam icrasına mane olur.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı bir sıra məqamlara diqqət çəkib: “Olduqca vacib olan məqamlardan biri mina təhlükəsidir. Hərbi əməliyyatlar başa çatsa da minalar hərbi təhdidin davamıdır. Əgər hərbi əməliyyatlar başa çatıbsa, razılaşma əldə edilibsə, mina xəritələri də təqdim edilməlidir. Lakin Ermənistan tərəfi mina xəritələrini Azərbaycana təqdim etmir. Üçtərəfli bəyanat imzalanandan sonra altı ay müddətində Ermənistan minalanmış ərazilərin xəritələrinin olmasını inkar edirdi. Ancaq beynəlxalq təşkilatların da müdaxiləsindən sonra Ermənistan minalanmış ərazilərinin xəritələrinin bir qismini təqdim etdi. Nəyə görə bu 6 ay çəkdi? Nəyə görə qismən təqdim edildi? Nəticədə, 150-dən artıq insan həlak oldu, yaralandı”.

Nazir bildirib ki, üçtərəfli bəyanatlarda vacib məqamlardan biri kommunikasiyaların açlmasıdır: “Bununla bu ilin yanvar ayında ayrıca üçtərəfli bəyanat imzalandı, işçi qrupu yaradıldı, bizdə hansısa ümidlər yarandı. Lakin Ermənistan hələ də bu məsələ ilə bağlı konstruktiv mövqe nümayiş etdirmir, hansısa zidd bəyanatlar verməklə prosesə zərbə vurur”.

C.Bayramov əlavə edib ki, sərhədlərin delimitasiyası prosesində də Ermənistan tərəfi zidd hərəkətlər edir: “Ermənistan bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir. Bu destruktiv yanaşma prosesi pozan yanaşmadır. Bu gün əsas diskussiya üçtərəfli bəyanatların icrası olmalıdır. Lakin Ermənistan hansısa keçmişdə olan prinsipləri gündəmə gətirmək istəyir və qsa zamanda da ifşa olunur.

Münasibətlərin normallaşmanın qarşısını almaq, qəbuledilməz fikirlər səsləndirmək bölgədə sülh prosesini zədələyən hərəkətlərdir və bundan ən çox əziyyət çəkən Ermənistan özü olacaq. Ümid edirəm ki, Ermənistan bunu anlayacaq və biz konstruktiv addımlar görəcəyik”.