“Bugünə qədər Ermənistanın iki fərqli siyasi masada iştirakına imkan verən tərəflərdən biri Rusiya olub”.
Bunu Gununsesi.info–ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib:

“Bu, Rusiyanın maraqlarına uyğun olduğu üçün uzun müddət buna göz yumulub. Lakin hazırda Rusiya da anlayır ki, Ermənistan artıq yalnız iki masada iştirak etməklə kifayətlənmir, eyni zamanda Rusiya masasına əvvəlki kimi bağlılıq göstərmir və oradan gözlənilən faydanı vermir.
Digər tərəfdən, ABŞ-nin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istiqamətində daha fəal siyasət apardığı müşahidə olunur. Son dövrdə ABŞ-la Ermənistan arasında imzalanmış sənədlər də bu istiqaməti göstərir. Bununla belə, hazırkı sanksiyalar və qlobal vəziyyət fonunda Rusiyanın Ermənistanı tamamilə təsir dairəsindən çıxarması qısa müddətdə mümkün görünmür.
Yaxın iki-üç il, hətta bəzi qiymətləndirmələrə görə beş il ərzində, xüsusilə də Ukrayna-Rusiya müharibəsi davam edərsə, Ermənistanla Rusiya münasibətlərinin tam qırılması real hesab edilmir. Ermənistanın isə öz xarici siyasət kursunu davam etdirməsi ehtimalı daha yüksək görünür”.
Şəbnəm












