“Ermənistanda seçki öncəsi gərginlik artır” -ŞƏRH

“Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri artıq sırf daxili siyasi proses çərçivəsindən çıxaraq daha geniş siyasi qarşıdurma mühitinə çevrilib. Mövcud vəziyyət göstərir ki, seçkilərdən sonra ölkədə sabitlik və idarəçilik məsələləri ciddi sınaq qarşısında qala bilər”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Son aylarda İrəvanda müşahidə olunan siyasi rəqabət, ictimai narazılıqların artması və müxtəlif qrupların fəallaşması seçki mühitini daha da gərginləşdirib. Hakimiyyət və müxalifət arasındakı mübarizə təkcə daxili məsələlərlə məhdudlaşmır, həm də xarici güclərin maraqları ilə sıx bağlıdır.

Ermənistan hazırda iki fərqli siyasi xətt arasında seçim mərhələsində görünür. Bir tərəf Qərb institutlarına yaxınlaşmanı, digər tərəf isə Rusiya ilə əlaqələrin saxlanmasını əsas istiqamət kimi təqdim edir. Bu ziddiyyət seçki kampaniyasının əsas xəttinə çevrilib.

Hakimiyyətin əsas siyasi dayağı olan qüvvələr cəmiyyətdə nisbətən üstün mövqeyini qoruyur, müxalif düşərgə isə parçalanmış vəziyyətdə qalır. Buna baxmayaraq, seçkidən sonra siyasi tarazlığın dəyişməsi ehtimalı istisna edilmir”.

 

 

Günay

Gununsesi.info