Həbs edilən keçmiş vəkilin məhkəməsi keçirilib - ZƏRƏRÇƏKƏN MƏHKƏMƏYƏ GƏLMİR

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas, hökumət tənqidçisi Namizəd Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info  xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Günel Əfəndiyeva yenə iştirak etməyib.

Prosesdə əvvəlcə Namizəd Səfərov vəsatətlər verib. O, özünün və G.Əfəndiyevanın mobil telefonlarının anten məlumatlarının məhkəmədə təqdim olunmasını xahiş edib.

Təqsirləndirilən şəxs bir daha bildirib ki, zərərçəkən kimi tanınan şəxsi tanımır və anten məlumatları onun iddiasını sübut edəcək. O, həmçinin saxlanılan zaman yanında olan şəxslərin şahid kimi dindirilməsi və ofisinin yanındakı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərli ittiham aktını elan edib.

İttiham aktında iddia olunur ki, N.Səfərov “vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanı vəzifəyə təyin edəcəyinə söz verib və ondan 53 min manat pul alıb, lakin vədinə əməl etməyib”.

Namizəd Səfərov ittiham üzrə özünü təqsirli bilməyib.

O, daha sonra yaşının çoxluğu ilə əlaqədar barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək.

N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Gununsesi.info