ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək niyyətində olduğunu bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadla xəbər verir.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranla aparılan danışıqlara münasibət bildirərək qeyd edib ki, Tehran həqiqətən də razılaşma bağlamaq istəyir.
“İran həqiqətən razılaşma əldə etmək istəyir və bu saziş həm ABŞ, həm də bizimlə əməkdaşlıq edən tərəflər üçün faydalı olacaq”, – deyə o vurğulayıb.
ABŞ lideri eyni zamanda Demokratlar Partiyasının nümayəndələrinin, eləcə də bəzi respublikaçı siyasətçilərin danışıqlar prosesi ilə bağlı davamlı tənqidlər səsləndirdiyini bildirib. Onun sözlərinə görə, bəzi dairələr ondan daha sürətli, digərləri isə daha ehtiyatlı hərəkət etməsini tələb edir.
Tramp qeyd edib ki, bu cür ziddiyyətli çağırışlar prosesin idarə olunmasını çətinləşdirsə də, nəticədə hər şey qaydasına düşəcək.
ABŞ Prezidenti digər paylaşımında CNN-in İrana təqdim olunan saziş layihəsində nüvə məsələlərinin əksini tapmadığı barədə iddialarını da təkzib edib. O bildirib ki, layihədə İranın nüvə silahına malik olmayacağı açıq şəkildə göstərilib.
Trampın sözlərinə görə, saziş layihəsində nüvə proqramı ilə bağlı müxtəlif məsələlər ətraflı və sərt şəkildə əhatə olunub, sənədin mühüm hissəsi məhz bu mövzuya həsr edilib.












