ABŞ Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər göndərib.
Nyu-Meksiko, Fort-Stüart və Fort-Kempbell bazalarından CV-22 Osprey və C-17 tipli təyyarələrlə hərbi heyət və avadanlıq Puerto-Rikoya çatdırılıb.
Bəs görəsən, ABŞ-nin Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr göndərməsi qısamüddətli taktiki addımdır, yoxsa uzunmüddətli hərbi mövcudluğun başlanğıcı?
Bu addımı təkcə qısamüddətli taktiki manevr kimi qiymətləndirmək sadəlövh olardı. Burada ikiqat strategiya müşahidə olunur.
Birincisi, qısamüddətli taktiki məqsəd aydındır. ABŞ Karib hövzəsində baş verə biləcək operativ risklərə sürətli reaksiya imkanını artırır. Xüsusi təyinatlı qüvvələrin və CV-22 Osprey, C-17 kimi platformaların seçilməsi göstərir ki, söhbət klassik qoşun yerləşdirməsindən yox, çevik, mobil və gizli əməliyyat potensialının hazır vəziyyətə gətirilməsindən gedir. Bu, mümkün böhran, çevriliş cəhdi, narkotik şəbəkələri, yaxud regionda ABŞ vətəndaşlarının təxliyəsi ssenariləri üçün tipik hazırlıqdır.
İkincisi və daha önəmlisi, bu addım uzunmüddətli hərbi mövcudluğun zəminini yaradır. ABŞ faktiki olaraq Karib hövzəsini yenidən prioritet təhlükəsizlik zonası elan edir. Son illər Rusiya və Çinin regionda diplomatik, iqtisadi və təhlükəsizlik baxımından aktivləşməsi Vaşinqtonu “arxa bağça” saydığı məkanda boşluq buraxmamağa məcbur edir. Puerto-Riko kimi ərazilərin gücləndirilməsi daimi baza elan edilmədən belə de-fakto hərbi dayaq nöqtəsi formalaşdırır.
Bu baxımdan, söhbət “ya taktiki, ya strateji” seçimindən yox, taktiki addımlar üzərindən strateji möhkəmlənmədən gedir. ABŞ açıq eskalasiya etmədən, hüquqi və siyasi səs-küy yaratmadan regionda davamlı hərbi üstünlük qurmağa çalışır.
Günay












