Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar - Yenilənib

  • By Admin2
  • 02 İyul 2026 13:43

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.

Gunumsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib.

Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

***

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.

L.Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

***

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində “Gənc arıçı” layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.

Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.

Görüş zamanı “Gənc arıçı” layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.

Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.

***

Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi iyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb. Ərazidə süni örtüklü mini futbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.

Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisində ağac, mövsümü gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.

Leyla Əliyeva məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərində yeni yaradılmış Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib.

Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu, müayinəsi, müalicəsi, peyvəndlənməsi, sterilizasiyası və reabilitasiyası üçün nəzərdə tutulan müvafiq sahələrə baxış keçirib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış regional bölmənin əsas məqsədi sahibsiz heyvanlara qayğının göstərilməsi, sanitar-epidemioloji sabitliyin təmin olunması, heyvanların uçotunun aparılması, müayinə və müalicəsinin təşkili, eləcə də profilaktik və digər baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsidir.

Ümumi ərazisi 2,5 hektar olan kompleksdə müasir avadanlıqla təchiz olunmuş klinika binası, heyvanların müşahidə və müalicəsi üçün xüsusi bölmələr, inzibati və yardımçı binalar, o cümlədən karantin binası inşa edilib.

Qeyd edək ki, Yevlaxda yaradılmış yeni mərkəz Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin regional bölməsi kimi fəaliyyət göstərəcək. Sahibsiz heyvanlarla bağlı regionlardakı mövcud vəziyyətin təhlili bu istiqamətdə görülən tədbirlərin ölkənin digər şəhər və rayonlarını da əhatə etməsinin zəruriliyini göstərib. Yeni bölmənin Yevlaxda yaradılması şəhərin əlverişli coğrafi mövqeyi və müxtəlif regionları birləşdirən əsas nəqliyyat yollarının qovşağında yerləşməsi nəzərə alınmaqla müəyyənləşdirilib. Regional bölmə ətraf şəhər və rayonlarda sahibsiz heyvanlarla bağlı müraciətlərə daha operativ reaksiya verilməsinə imkan yaradacaq.