Mina təkcə Azərbaycanın deyil, dünyada 60 milyondan çox insanın ölüm qorxusudur!

  • By admin
  • 17 Noyabr 2021 13:23

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində bu gün də mina müharibəsi davam edir və Ermənistan tərəfi 30 illik işğalı dövründə azərbaycanlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, mina ilə çirklənmiş zonaya çeviriblər. Dünyada hər kəsin müqəddəs sandığı, toxunulmaz hesab etdiyi qəbiristanlıqları, məscidləri, məbədgahları belə minalayıb, çirkin əməllərinin məkanı ediblər.

Azərbaycanda minanın növbəti qurbanı, noyabrın 15-də saat 17 radələrində 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu oldu. Bir sivil vətəndaşın Azərbaycanın Ağdam rayonunda minaya düşüb, bədəninin parça-parça olub ölməsi 21-ci əsrin ən böyük fəlakətidir. Təəssüf ki, bütün dünyada bu fəlakətin qurbanları təkcə sadə vətəndaş yox, əsgər, həkim, hakim, hətta dünyaya həqiqəti hayqıran jurnalistlər də olur. Son 1 ildə 3 azərbaycanlı jurnalist minanın qurbanı olub.

Minalardan təmizləmə təşkilatlarının, milli hakimiyyət orqanlarının, donor hökumətlərin və özəl dəstəkçilərin tərəfdaşlıq ruhu, qətiyyəti və ambisiyası ilə biz bütün dünyada bu bəlaya qarşı olan təşkilatlar birləşib, minasız bir dünya yarada bilərik. Birlikdə biz dünyanın ən çox zərər çəkmiş ölkələrindən bəzilərini operativ minalardan təmizləyə bilərik, təbii ki, səfərbər olmaq üçün gözləməsək. Mən bütün dünyanın minalarla mübarizə aparan ən qlobal təşkilatlarını son yüzilliklərin dəhşətli qorxusu olan minalarla birgə və operativ mübarizəyə çağırıram. Beynəlxalq Avrasiya Mətbuat Fondu bu istiqamətdə bütün dünya təşkilatları ilə sıx əməkdaşlıq etməyə hazırdır. Noyabrın 19-dək Haaqada davam edəcək “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 19-cu illik konfransında qeyd olunan hesabatlar insanı dəhşətə gətirir. Minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı ilbəil artmaqdadır və hesabat dövründə 7073 nəfər qeydə alınıb. İtkilərin böyük əksəriyyətini (80%) mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı uşaqlardır.

Azərbaycanla Ermənistan arasında müharibə qurtardıqdan sonra, yəni ötən ilin noyabrında imzalanan kapitulyasiya aktının şərtlərinə görə, Ermənistan dərhal mina xəritələrini təqdim etməli idi. Ümumiyyətlə, beynəlxalq konvensiyalara və beynəlxalq hüququn tələbləri bunu zəruri edir. Çox təəssüf ki, Ermənistan bu xəritələrin verilməsini də Azərbaycana qarşı bir şantaj alətinə çevirdi. Ağdamın və Füzulinin verilən mina xəritələri reallığı əks etdirmir. Yəni, bütövlükdə bu xəritələrdə demək olar ki, heç bir koordinat doğru deyil. Azərbaycanda bu gün elə ərazilər var ki, 1 kvadrat metrdə piyada əleyhinə 10 mina basdırılıb və bunlar birbaşa Ermənistanda istehsal olunan minalardır. Minalar üçtərəfli müqavilə imzalandıqdan sonra öz yurd-yuvasına getmək istəyən nə qədər insanın həyatına son qoyub. 2020-ci ilin 10 noyabr bəyanatından sonra ümumilikdə 160-a yaxın mülki şəxs və hərbçi minadan zərər çəkib. Hadisələr əsasən işğaldan azad olunan ərazilərə səfərlər edərkən, xidməti vəzifələrini yerinə yetirərkən və ya sosial infrastruktur layihələrin icrası zamanı baş verib. Zərərçəkənlərin 70 nəfərə yaxını mülki şəxslərdir. Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycanda “Birinci səviyyəli mina tədqiqatı”, “Minaların mənfi təsirinin tədqiqatı” və “Minadan zərərçəkənlərlə bağlı tədqiqat” layihələrini həyata keçirən bir təşkilatdır. Biz bu problemin bütün incəliklərinin fərqindəyik. Rəhbərlik etdiyim təşkilat demək olar ki, 20 ildən çoxdur mina problemi ilə məşğul olur. BAMF-ın son 30 ildəki işi əsasən Qafqazda, xüsusən də Azərbaycanda mina qurbanlarına dəstəyə yönəlib. BAMF həm də bölgədə mina təhlükəsi nəticəsində didərgin düşmüş qaçqın və məcburi köçkünlərə dəstək üçün bir çox layihəyə rəhbərlik edib. Minaların yaratdığı travmanı öz gözümüzlə görüb, şahid olmuşuq. BAMF və Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı bu ilin martın 31-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı BMT qurumlarına və beynəlxalq təşkilatlara müraciət edib. Həmin təşkilatlar aprelin 8-də Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğalı, habelə münaqişədən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması, minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı dünyada məşhur www.change.org saytında Ermənistana qarşı petisiya ilə çıxış ediblər.

Bu məsələyə beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, mina təhlükəsizliyi ilə mübarizə aparan insanlar biganə qalmamalı, regiona diqqət ayırmalıdırlar. Azərbaycanın bu gün işğaldan azad edilən torpaqlara geri qayıtmaq layihəsində ən vacib məsələlərdən biri infrastruktur layihələrinin həyata keçirilməsidir. Yaşayış məntəqələrinin salınması, yolların, su xətlərinin çəkilməsidir. Bu həm də bölgədə iqtisadiyyatın, turizmin inkişafına təkan verən amillərdir.  Mina problemi bütün bunların həyata keçirilməsinə çox böyük maneə törədir. Bu gün Azərbaycanda 1 milyon 200 min qaçqın və məcburi köçkün var. Bu insanlar öz yurd-yuvasına qayıtmağı gözləyirlər. Amma bunların hamısı ərazilərin təmizlənməsindən, mina probleminin həllindən asılıdır. Azərbaycan bu gün öz daxili imkanlarına sığınıb problemlərini həll etməyə çalışır. Amma heç kəs unutmalı deyil ki, bu təkcə Azərbaycanın problemi deyil, bu ümumbəşəri  qorxunc reallıqdır və bu problemin həllinə hər kəsin qatqısı olmalıdlır!

Gununsesi.info