Natiq Cəfərli: Paşinyan sülhdən, müxalifət isə revanşdan danışır

  • Müəllif: Orxan
  • 05 İyun 2026 14:55

İqtisadçı Natiq Cəfərli Ermənistan siyasi mühitində seçkilərin başa çatması fonunda baş verən prosesləri şərh edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, son dövrlərdə Ermənistan mətbuatını daha çox izləməyə çalışır, çünki bu seçkilərin regiona təsirləri ola bilər.

Cəfərli bildirib ki, Nikol Paşinyan və onun komandasının sülh yönlü ritorikası ilə üç əsas rusiyapərəst partiyanın mövqeyi arasında kəskin fərq var.

Onun fikrincə, həmin partiyalar keçmişə bağlı siyasi narrativlərdən çıxış edir və bəzən məntiqi ardıcıllıqdan uzaq iddialar səsləndirirlər.

İqtisadçı qeyd edib ki, müxalifətdə olan bu üç partiya bir tərəfdən Azərbaycan və Türkiyənin Paşinyanı dəstəklədiyini iddia edir, digər tərəfdən isə həmin ölkələrin sülh istəmədiyini və müharibəyə hazırlaşdığını bildirir.

O, həmçinin vurğulayıb ki, belə ziddiyyətli yanaşmalar siyasi məntiq baxımından suallar doğurur.

Onun sözlərinə görə, əgər Paşinyan sülh gündəliyi ilə çıxış edirsə, revanşist mövqedə olan qüvvələrin ritorikası daha çox müharibə riskini gündəmə gətirir.

O əlavə edib ki, regionda real siyasi maraqların və təhlükəsizlik balansının düzgün anlaşılması üçün emosional deyil, daha rasional yanaşmaya ehtiyac var.

Orxan

Gununsesi.info