Navalnı Rusiyadan zəhərləndiyi gün geyindiyi paltarları istədi

  • By admin
  • 21 Sentyabr 2020 16:36

Rus müxalif siyasətçi Aleksey Navalnı Rusiya səlahiyyətlilərindən tam istintaqa başlamasını və ona “çox əhəmiyyətli maddi dəlil” hesab etdiyi paltarlarını geri qaytarmasını tələb edib.

Gununsesi.info xəbər verir ki, siyasətçi bu barədə öz rəsmi bloqunda yayımladığı yazıda müraciət edib. Navalnı Rusiya səlahiyyətlilərindən “qanunla verilən 30 günlük istintaq öncəsi yoxlamaların vaxtının bitdiyini” vurğulayaraq, onun işi ilə bağlı hərtərəfli istintaqa başlamasını tələb edib.

Eyni zamanda, müxalifətçi Rusiya müstəntiqlərinin ona “çox əhəmiyyətli bir maddi sübut” adlandırdığı paltarlarını geri qaytarmasını israr edir.

“Zəhərlənmə günü, yəni 20 avqustda geyindiyim paltar. Bu vacib sübutu gizlətmək üçün 30 günlük “istintaq öncəsi yoxlama”dan istifadə etdilər. Mənim Almaniyaya aparılmağım üçün icazənin verilməsindən əvvəl bütün paltarlarımı çıxarıblar və məni tamamilə çılpaq göndəriblər”,- deyə Navalnı qeyd edib.

O, zəhər bədəndə aşkar edildiyi üçün maddəyə yoluxmanın paltarla təmasdan qaynaqlana biləcəyini bildirib. İstintaq öncəsi yoxlama üçün ayrılmış 30 günün bitdiyini xatırladıb və şəxsi əşyalarının özünə qaytarılmasını tələb edib.

“Paltarların ehtiyyatla bir plastik torbaya qoyulmasını və mənə qaytarılmasını tələb edirəm”,- deyə Navalnı bildirib.

Bundan əlavə, o, feysbuk hesabında xanımı ilə olan fotosunu paylaşaraq, ona göstərdiyi qayğıdan yazıb.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.

 

 

Gununsesi.info