Ölkədə kənd təsərrüfatı məhsulları kəskin bahalaşıb - VAHİD ƏHMƏDOV VƏZİYYƏTİ ŞƏRH EDİR

  • By admin
  • 17 Aprel 2023 16:54

Azərbaycanda son aylar bəzi tərəvəz məhsullarında kəskin bahalaşma müşahidə olunur. Paytaxtın marketlərində pomidorun qiyməti 5 manatdan bahadır. Kartof və soğanın 1 kiloqramın ortalama qiyməti isə 1 manat 50 qəpikdir. Üstəlik, Bakı şəhərində mövcud olan əksər bazarlarda da tərəvəzlərin qiyməti marketlərdəkindən bir o qədər də fərqlənmir.

Pomidor ixracı azalıb

Amma bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının rəsmi artımı fonunda baş verir. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin analoji dövründə bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb. Üstəlik, Azərbaycandan pomidorun ixracının da azaldığı bildirilir.

Pomidor rayondan Sumqayıt bazarına çatana kimi belə bahalaşır

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk üç ayında Azərbaycandan 31 milyon 170 min dollar dəyərində 24 min 491 ton pomidor ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pomidor ixracı 7 milyon 653 min dollar və ya 24.6 faiz, dəyər ifadəsi ilə 7 min 272 ton (29.7 faiz) azalıb.

Rəsmi inflyasiyadan 7 dəfə çox

Kənd Təsərrüfatı Nazirliyinin aqrarbazar.az saytından da görmək olur ki, ötən illə müqayisədə həm pomidor-xiyarın, həm də kartofun qiyməti artıb. Ötən ildə pomidorun orta qiyməti supermarketlərdə 2.5-3 manat göstərilsə də, bu il həmin qiymət 5-5.5 manatdır.

Saytın məlumatına görə, kartofun qiymətində dəyişiklik baş verməyib, soğanın qiyməti isə 80 qəpikdən 1.4 manata qədər artıb. Belə çıxır ki, pomidor son bir ildə 100 faiz bahalaşıb. Halbuki rəsmi inflyasiyanin ölkə üzrə 14 faizdən az olduğu vurğulanır.V.Əhmədov

Deputat: “Rəqabət Məcəlləsi qəbul edilməlidir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Turan”a bildirib ki, süni qiymət artımı var: “Bunun qarşısını almaq çox çətindir. Düzdür, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparır, müəyyən tədbirlər həyata keçirilir, amma hamısını əhatə etmək qeyri-mümkündür”.

Deputatın fikrincə, qiymətlər sahibkarların aralarında aparılan danışıqlar nəticəsində təyin edilir: “Yəni, bir mağazada qiymət ucuz, o birində isə baha olsun deyilən bir şey yoxdur. Hamısında qiymət eyni səviyyədədir. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir ki, bazarda sabitlik olsun, sahibkar qabağa çıxıb məhsulunu sata bilsin. Bu, çox vacib məsələdir”.

 

Afət Abbasova

Gununsesi.info