“Qazprom” Finlandiyaya qaz nəqlini dayandırdı

  • By admin
  • 21 May 2022 09:09

Mayın 21-də, Moskva vaxtı ilə saat 07:00-dan etibarən “Qazprom Export” Finlandiyanın “Gasum” dövlət enerji şirkəti ilə müqavilə əsasında Rusiya qazının tədarükünü dayandırır. 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, buna səbəb Finlandiyanın aprel ayında verilən qazın pulunu ödəməməsi və ödənişləri rublla etməkdən imtina etməsidir.

Mayın 20-də iş gününün sonuna qədər Finlandiya şirkətindən apreldə qaz tədarükü üçün ödəniş almayıb. Bu səbəbdən Rusiya holdinqi mayın 21-dən Rusiya Federasiyası Prezidentinin fərmanı ilə müəyyən edilmiş yeni ödəniş sxemi üzrə ödəniş həyata keçirilən ana qədər qazın nəqlinin dayandırılması ilə bağlı “Gasum”u xəbərdar edib.

Finlandiya şirkəti bu həftə “Qazprom”dan tədarük olunan qazın pulunu rublla ödəmək tələbini yerinə yetirmək niyyətində olmadığını bildirib və “Qazprom Export” ilə cari ilin sonuna qədər qüvvədə olan müqavilə ilə bağlı icraat aparmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Fin tərəfinin bu cür hərəkətlərinə cavab olaraq “Qazprom” arbitraj proseslərində öz maraqlarını mövcud vasitələrlə müdafiə edəcəyini vurğulayıb.

“Gasum” bildirib ki, Rusiyadan qaz nəqlinin dayandırılması ssenarisinə hazırlaşır və mayın 21-dən qarşıdan gələn yay mövsümündə Estoniya ilə Finlandiya arasında “Balticconnector” qaz kəməri vasitəsilə öz müştərilərini digər mənbələrdən qazla təmin edəcək. Onun ötürücülük qabiliyyəti sutkada 7,2 milyon kubmetrdir.

Gununsesi.info