Sabirabadda körpü uçub, kəndlərlə əlaqə kəsildi: Bəs təqsirkar kimdir? – FOTO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Sabirabadda körpünün qəzalı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

ASC-nin Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən Oxu.Az-a bildirilib ki, Sabirabadda kollektor (kənd təsərrüfatında qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanal – red.) üzərindəki körpü 2020-ci ildən qəzalı vəziyyətdədir:

“Həmin müddətdə rayonda qış-otlaq sahələrində meliorativ tədbirlər aparılması layihəsi var idi. “M.K1” kanalının tikintisini aparan podratçı təşkilatın işçiləri eni 8, uzunluğu 36 metr olan üçaşırımlı körpüdən ağırtonnajlı maşınlarla keçib. Nəticədə körpü qəzalı hala düşüb. Daha sonra bizim qurum tərəfindən şirkətə müraciət edildi və onlar körpüyə baxış keçirdilər. Bizə bildirildi ki, qəzalı hala salınan körpü təmir ediləcək. Şirkət tərəfindən sadəcə körpüdə üzləmə işi edildi. Biz təmirin tam edilməsi üçün dəfələrlə müraciət etsək də, gələn olmadı”.

İdarədən qeyd edilib ki, sözügedən körpü 1952-ci ildə tikilib və istismar müddətini başa çatdırıb:

“Şirkət təmiri tam etmədiyi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə məktub ünvanladıq və körpüyə baxış keçirildi. Qərar verildi ki, körpü yenidən tikilməlidir və layihə üçün 450 min manat vəsait lazımdır. Məsələ həllini tapsa,  körpünün yanında yenisi tikilə bilər. Artıq körpüdən gediş-gəliş məhdudlaşdırılıb və bununla bağlı sakinlərə də məlumat verilib. Onlar hazırda otlaq sahələrinə baş çəkmək üçün yollarını 4-5 kilometr uzatmaqla alternativ iki körpüdən istifadə edə bilərlər”.

09:48

Sabirabadda kollektor (kənd təsərrüfatında qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanal – red.) üzərindəki körpü qəzalı vəziyyətə düşüb, yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb.

“Report” xəbər verir ki, rayonun Sarxanbəyli kəndi ərazisindəki ikinci Küryanı kollektorun üzərindəki körpü 1952-ci ildə inşa edilərək istifadəyə verilib. Üçaşırımlı, doqquz dəmir-beton dayaqdan ibarət olan körpünün uzunluğu 30 metrə yaxın, eni isə altı metrdir. Körpüdən o taylı-bu taylı 14 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Əhalinin əsas əkin sahəsi kollektorun cənub hissəsindədir.

Kollektorun üzərindəki körpü üç il bundan əvvəl yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb. Bu ilin iyulunda isə onun orta hissəsi uçub, nəticədə böyük oyuq yaranıb.

Sakinlərin sözlərinə görə, körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən əkinçiliklə məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.

Pambıq sahələri kollektorun digər hissəsində olduğundan təsərrüfat işləri ilə məşğul olan sakinlər öz sahələrinə gedib-gəlməkdə çətinlik çəkirlər. Kənd təsərrüfatı texnikalarını çayın digər sahilinə keçirmək mümkün olmur. Bu gün-sabah kütləvi pambıq yığımına start veriləcəyi təqdirdə təsərrüfat sahibləri nə edəcəklərini bilmirlər. Problemlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, nəticəsiz qalıb.

Kollektora cavabdehlik daşıyan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı ASC körpünün qəzalı olması barədə məlumatlandırılıb.

Cəmiyyətin mütəxəssisləri idarənin mütəxəssisləri ilə birlikdə körpüyə baxış keçiriblər. Qəzalı olduğundan köhnə körpünün yanında yeni körpünün tikintisi üçün layihə hazırlanıb. Gələn ilin əvvəllərində vəsait ayrılan kimi yeni körpünün tikintisinə başlanılacaq.