Bərdə sakinlərinin qarayaraya yoluxduğu təsdiqləndi – RƏSMİ

Bərdə Rayon Piyadalar kəndində aidiyyəti üzrə aparılan monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında qeyd olunub.

Bildirilib ki, TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.

01.09.2022-ci il tarixdə xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən üçünün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir. Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, xəstəliyin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

Xatırladaq ki, 01.09.2022-ci il tarixində Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb.

16:08

“Bərdə rayonunda qarayara xəstəliyinə yoluxma şübhəsi ilə bağlı yeddi nəfərdən analiz götürülüb”.

Bu barədə Oxu.Az-a Bərdə rayon Piyadalar kəndinin bələdiyyə sədri Mürşüd Əhmədov məlumat verib.

O bildirib ki, kəndə giriş-çıxış məhdudlaşdırılmayıb:

“Kənddə yoluxma şübhəsi ilə yeddi nəfərdən analiz götürülüb. Onlardan dörd nəfərin cavabı neqativ çıxdığı üçün evə buraxılıb. Digər üç nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasında saxlanılıb. Müalicələri davam etdirilir. Kənddə çox adamda yayılmayıb. Mal-qaranı da yoxladılar, onlarda da xəstəlik aşkarlanmadı.

Şübhəli bilinən adamlar arasında azyaşlılar olmayıb. Xəstəxanada müalicəsini davam etdirənlər isə 40-50 yaşlı iki xanım və bir kişidir. Hamısı Piyadalar kənd sakinləridir”.

Qeyd edək ki, sentyabrın 2-də Bərdənin Piyadalar kəndində kütləvi xəstəlik yayıldığına dair məlumatlar yayılmışdı. İddia edilirdi ki, sakinlər qarayara xəstəliyinə yoluxublar.

Gununsesi.info