Sahibkarlığın İnkişafı Fondu KİV-lərə güzəştli kredit verilməsi üçün müraciətləri QƏBUL EDİR

  • By admin
  • 28 Avqust 2022 09:10

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu KİV-lərə güzəştli kredit verilməsi üçün müraciətləri qəbul edir. 

Gununsesi.info bildirir ki, bu barədə Fondun rəsmi saytında məlumat açıqlanıb.

Sahibkarlığın İnkişafı Fondu 2022-ci il üçün iqtisadiyyatın sahələri üzrə elan etdiyi prioritet istiqamətlərə media ilə bağlı layihələrin dəstəklənməsini salıb.

Bu il üçün olan prioritet istiqamətlər üzrə açıqlanan sənəddə “kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi” istiqaməti  göstərilib.

Güzəştli kreditin şərtləri

  • Kreditin məbləği – 5 min manatdan 10 milyon manatadək
  • Kreditin müddəti 10 ilədək
  • İllik faiz dərəcəsi 5 %-dək
  • Kredit üzrə güzəşt müddəti – kredit müddətinin yarısınadək

Güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və.s.) vasitəsilə verilir.

Güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.

 

Tələb olunan sənədlər:

  1. Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
  2. 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
  3. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
  4. VÖEN-in surəti;
  5. Şəxsiyyət vəsiqəsinin surəti;
  6. Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.

Qeyd:Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.

 

Müraciət qaydası

  • Sahibkar müvəkkil kredit təşkilatına müraciət edir.
  • Kredit təşkilatı qərarını 10 iş günü ərzində sahibkara bildirir.
  • Kredit təşkilatı layihəyə müsbət rəy verdiyi halda, Fonda müraciət edir.
  • Fond qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir.
  • Fond müsbət qərar qəbul edərsə, kredit təşkilatı sahibkarla sənədləşmə işlərini yekunlaşdıraraq sifariş göndərir.
  • Fond mənfi qərar verərsə, kredit təşkilatı sahibkarı məlumatlandırmalıdır.
  • Sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilməlidir.
Gununsesi.info