“Monopoliya qiymətlərin aşağı düşməsi variantının işləməsinə imkan vermir” -DEPUTAT

  • By admin
  • 28 Avqust 2022 09:14

Azərbaycanda antiinflyasiya tədbirləri görülməsi istiqamətində müəyyən addımlar atılsa da, görünən odur ki, qiymətlər artmaqda davam edir”.

Gununsesi.info bildirir ki, bunu “Unikal”-a açıqlamasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, indiki halda qlobal idxal inflyasiyasının təsirini azaltmaq olar, amma qarşısını tam almaq mümkün deyil:

“Əgər çox vaxt deyildiyi kimi, qiymət artımı təkcə qlobal amillərlə bağlıdırsa, onda məntiqlə qlobal miqyasda qiymətlər artanda bizdə də idxal etdiyimiz bir sıra mal və məhsullar üzrə qiymətlər artmalı, azalanda isə qiymətlər aşağı düşməlidir. Amma bu məsələ bizdə birtrəflidir. Yəni, yalnız artım olur, azalma olmur. Çünki məmur sahibkarlığından qaynaqlanan monopoliya qiymətlərin aşağı düşməsi variantının işləməsinə imkan vermir. Belə bir şəraitdə məmur sahibkarlığından qaynaqlanan monopoliyanın törətdiyi qiymət manipulyasiyası Azərbaycan əhalisinə daha böyük miqyasda ziyan vurmaqda davam edir. Onlar qiymətləri davamlı olaraq xırda-xırda, maaş artımı xəbəri çıxan kimi isə daha yüksək səviyyədə artırmağa başlayırlar. Nəticədə monopolistlər və onların əlaltıları qiymət manipulyasiyası vasitəsilə vətəndaşların artan maaş və pensiyalarını əllərindən alırlar. Bu cür qiymət manipulyasiyaları ucbatından vətəndaşlar dövlətin onların güzəranını yaxşılaşdırmaq üçün ayırdığı milyard manatlarla vəsaiti monopolistlərə ötürən vasitəçiyə çevrilib. Məmur sahibkarlığının törətdiyi monopoliyanın qiymət manipulyasiyaları vasitəsilə hər il əhaliyə milyard manatlarla ziyan vurulur”.

Gununsesi.info