Aprelin 6-da Brüsseldə Əliyevlə Paşinyan arasında növbəti görüş keçiriləcək. Bu görüşdən öncə həm Ermənistan, həm də Azərbaycan tərəfdən ehtiyatlı, amma optimizm dolu açıqlamalar oldu, hətta rəsmi Bakının sülh müqaviləsinin təməllərini təşkil etmək üçün açıqladığı 5 prinsiplə bağlı da rəsmi İrəvandan etiraz gəlmədi.
Gununsesi.info xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli bölüşüb.
O bildirib ki, Brüsseldə hansısa çərçivə anlaşması, ya da daimi fəaliyyətdə olacaq “Sülh masası”nın qurulması ilə bağlı razılaşma ola bilər. Buna baxmayaraq, N.Cəfərli bir daha Kremlin bu prosesə neqativ baxdığını xatırladıb:
“İrəvanda görüşdən bir gün öncə, 5 aprel tarixində müxalifətin geniş mitinqi təyin edilir, dünən, aprelin 2-də İrəvanda küçədə atışma olur, hələlik bir neçə nəfərin yaralanması ilə bağlı (hətta 1 nəfərin öldüyü) xəbərlər var, bu gecə isə Bakıda partlayış olur, ölən və yaralananlar var: sizcə, bu qədər təsadüf ola bilərmi?! Özü də Bakıdakı partlayış müqəddəs Ramazan ayının başlanmasına dəng gəlir, həmən də sosial şəbəkələrdə mövzunu başqa səmtə yönəltmək üçün dinimizin fəlsəfəsini belə anlamayan adamlar peyda olur, ölən və yaralananlara lənət oxutdurulur – əsl “KQB və QRU” düşüncəsinə, planlamasına oxşayır. Bəzi fanatiklərin şərhləri isə hüquq-mühafizə orqanlarına araşdırma üçün əsas olmalıdır!”
Qeyd edək ki, ötən gün Natiq Cəfərli Brüssel görüşü öncəsi provokasiyalar olacağını istisna etməmişdi. Həmçinin “5-ci kolon”un aktivləşəcəyini bildirmişdi.
Gununsesi.info