“Təxminən üç il sonra dərsliklər öz əhəmiyyətin tamamilə itirəcək.”
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
“Süni intellekt artıq materialları müəllifdən daha yaxşı təqdim edir. Hətta düşünürəm ki, bəzi məsələləri Dilçilik İnstitutunun tədqiqatlarından daha yaxşı formada təqdim edir. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq”, – nazir vurğulayıb.
Gununsesi.info -ya danışan dosent İlham Əhmədov qeyd edib ki, süni intellekt yaxşı təhsil sistemini daha yaxşı, pis təhsil sistemi daha pis edən, onun çökməsini daha da sürətləndirən bir alətdir:

“Tərsinə qurulmuş təhsil sistemini nə süni intellekt, nə də kvant kompüterlər xilas edə bilməz.
Sİ tətbiqindən öncə, təhsili naşı menecerlərdən xilas etmək lazımdır.
Əgər təhsilin məqsədləri aydın deyilsə, müəllim peşəsi dəyərsizləşibsə, kurikulum formaldırsa, qiymətləndirmə mexaniki test məntiqinə söykənirsə, onda Sİ bu boşluğu doldura bilməz, əksinə, bu boşluq daha da sürətlə böyüyər.
Sİ səhv strategiyanı düzəltmir, onu optimallaşdırır.
Nazir deyir ki, Sİ dərsi dərslikdən daha yaxşı izah edir. Bizdə ola bilər, çünki, ETN-nin yazdırdığı dərsliklər dərslik deyil ki! Ona qalsa, pis dərslikdənsə, papirus üzərindəki yazılar dərsi daha yaxşı izah edər.
Nazir sabah da deyəcək ki, Sİ dərsi müəllimdən yaxşı izah edir. Ola bilər, çünki, özünün də etiraf etdiyi kimi, universitetlərimizdə keyfiyyətə təminat sistemi hələ də qurulmayıb.
Amma bütün bunlar “Sİ dərsliyi, müəllimi, meneceri əvəz edəcək” mənasını vermir.
Sİ zəif dərsliyi, zəif müəllimi, zəif meneceri əvəz edə bilər.
Dövlət də hər ay 13 000 manata qənaət edərdi, zəif menecerə verdiyi yüksək maaş qədər.
Doğurdan da, zəif təhsil sistemi yaradan menecerə niyə maaş verilməlidir ki?”.
Şəbnəm











