Türkiyədə daha bir qaz yatağı tapıldı

  • By admin
  • 26 Dekabr 2022 22:30

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra Qara dənizdə yeni təbii qaz ehtiyatının tapıldığını açıqlayıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan 58 milyard kubmetrlik bu ehtiyatın oktyabr ayında Çaycuma-1 qazması zamanı dənizin 3 min 23 metr dərinliyində tapıldığını bildirib.

 

O bildirib ki, Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz ehtiyatları “dünyanın ən səlahiyyətli ehtiyat qiymətləndirmə şirkəti” tərəfindən araşdırılıb və ehtiyatların həcmi 540 milyard kubmetrdən 652 milyard kubmetrə yüksəlib:

Çaycumanın əlavə olunması ilə Qara dənizdəki ehtiyatımız 710 milyard kubmetrə yüksəldi.

“Quyuların sayı, boru ölçüsü və kompressorlar yataqda hasilatımızı müəyyən edəcək.

Bu gün beynəlxalq bazarlarda ehtiyatlarımızın ekvivalenti 1 trilyon dollardır”.

Türkiyənin Qara dənizdə son illərdə tapdığı təbii qazın borularla quruya çatdırılaraq gələn il istifadəyə veriləcəyi gözlənilir.

Energetika naziri Fatih Dönmez 2026-cı ilə qədər ölkədə istifadə olunan qazın 25-30%-nin Qara dənizdən qarşılanacağını bildirib.

Yeni aşkar edilmiş ehtiyatların bu tempi artırmaq potensialı var.

Türkiyə bu il Cənubi Koreyadan daha bir qazma gəmisi alıb və donanmasını dördə çatdırıb.

Tərcümə:

Afət Abbasova

Gununsesi.info