Ötən həftə Yerevanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə hər iki ölkənin rəsmi nümayəndələrinin görüşü baş tutdu. Türkiyə tərəfini xüsusi nümayəndə Sərdar Kılıç təmsil edirdi. Onun səfəri həm Ermənistanda, həm də Türkiyədə geniş rezonans doğurdu. Hadisə artıq otuz ilə yaxındır bağlı olan sərhədin açılması istiqamətində mümkün addım kimi dəyərləndirildi.
Bu görüşdən sonra Türkiyədə müzakirələr qızışdı. Bəzi siyasətçilər Ermənistanla sərhədlərin hələ Bakı ilə Yerəvan arasında yekun razılaşma əldə edilmədən də vaxtından əvvəl açıla biləcəyini səsləndirdilər. Bu cür açıqlamalar birmənalı qarşılanmadı, bir tərəf bunu regional gərginliyin azaldılması üçün fürsət hesab edirdi, digər tərəf isə Azərbaycanın maraqlarına zidd ola biləcəyini vurğulayırdı.
Məsələyə son nöqtəni Türkiyənin xarici işlər naziri Hakan Fidan qoydu. O, Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı Ankaranın Azərbaycanın maraqlarını nəzərə almadan addım atmayacağını bildirdi.
“Ermənistanla münasibətlərin normallaşması yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra mümkün olacaq, — deyə Türkiyə XİN rəhbəri vurğuladı. — Proqnozlarımıza görə, bu sənəd 2026-cı ilin ilk yarısında imzalana bilər.”
Beləliklə, Türkiyə sərhədlərin açılmasını və Ermənistanla ikitərəfli münasibətlərin inkişafını birbaşa Bakı ilə Yerəvan arasındakı sülh prosesində əldə ediləcək irəliləyişlə əlaqələndirir. Bu da Ankaranın dəyişməz mövqeyini təsdiqləyir: regional sabitlik yalnız Azərbaycanın maraqları nəzərə alındıqda mümkündür.

Kamran Cəfərov
Gununsesi.info












