“Ermənistanın KTMT-dən uzaqlaşması Rusiyanın səbrini tükədir”

“Ermənistanın Rusiyadan və Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşması artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq real geosiyasi prosesə çevrilir. Belə ki, Ermənistan 2024-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını faktiki dondurub, onun tədbirlərinə qatılmır və təşkilat qarşısındakı maliyyə öhdəliklərini də yerinə yetirmir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Ermənistanın əsas arqumenti bundan ibarətdir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edərkən və antiterror tədbirləri zamanı KTMT Ermənistanın tələblərinə baxmayaraq onu müdafiə etməyib. Yəni KTMT Ermənistanın təhlükəsizlik ehtiyaclarına cavab verməyib. Baş nazir Paşinyan hətta təşkilatın Ermənistanın gələcəyi və suverenliyi baxımından təhlükələr yaratdığını da bildirib. Bu, sadəcə diplomatik narazılıqdan daha çox Ermənistanın öz təhlükəsizlik arxitekturasını dəyişmək niyyətində olduğunu göstərirdi.

Bununla belə, KTMT-nin fəaliyyətində iştirak etməməsinə baxmayaraq Ermənistan hüquqi baxımdan təşkilatın üzvlüyündən çıxmayıb. KTMT də Ermənistanı formal olaraq üzv hesab etməkdə davam edir. Təşkilatın baş katibi bu ilin iyununda Ermənistanla bağlı rəsmi üzvlük dəyişikliyi barədə heç bir bildiriş almadıqlarını və İrəvanı hələ də tamhüquqlu üzv saydıqlarını açıqlamışdı.

Hazırda isə Rusiyanın bu vəziyyətə artıq əvvəlki səbrlə yanaşmadığı görünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-dəki statusunun tezliklə həll edilməli olduğunu bildirib. Rusiya hesab edir ki, Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalırsa, üzvlükdən irəli gələn öhdəlikləri də yerinə yetirməlidir. Ermənistanın KTMT-dəki gələcək statusu məsələsinə noyabrın 11-də təşkilatın Moskvada keçiriləcək sammitində baxılacağı gözlənilir.

Beləliklə, bir müddət davam edən və şərti olaraq “dondurulmuş üzvlük” adlandırıla bilən model artıq Rusiya üçün də qəbuledilməz həddə yaxınlaşır. Ermənistanın xarici siyasətində son illərin ən böyük paradokslarından biri getdikcə daha aydın görünür: Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır, amma həmin sistemin yerini dolduracaq alternativ hərbi mexanizm hələ mövcud deyil. Yəni əsas məsələ KTMT-nin taleyi deyil, Ermənistanın təhlükəsizlik arxitekturasının taleyidir.

Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan cari ilin dekabrına qədər Avropa İttifaqını və ya Avrasiya İqtisadi İttifaqını seçməklə bağlı referendum haqqında qərar qəbul etməlidir.

Göründüyü kimi, Rusiya Ermənistanı seçim etməyə tələsdirir. Deməli, Rusiya üçün söhbət artıq hərbi və iqtisadi alyansların taleyindən daha çox Rusiyanın uzun müddət ərzində formalaşdırdığı Güney Qafqazdakı sisteminin taleyindən, həmin sistemin Ermənistan vasitəsilə dağıdılmasının yarada biləcəyi geosiyasi və geoiqtisadi risklərdən gedir.

Ermənistan üçün isə vəziyyət daha dramatik xarakter alır. Ermənistanın 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul etməklə strateji seçiminin yönümünü göstərmiş oldu. Lakin Avropa İttifaqı özü də açıq şəkildə bildirir ki, üzvlük mürəkkəb, uzunmüddətli və meyarlara əsaslanan prosesdir. Və yalnız 2030-cu ildə bu məsələ müzakirəyə çıxarıla bilər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropaya inteqrasiya seçimi öz-özlüyündə kollektiv hərbi müdafiəyə təminat vermir. Şərti olaraq Avropa İttifaqının konstitusiyası adlandırılan Lissabon müqaviləsində üzv dövlətlər üçün nəzərdə tutulan qarşılıqlı yardım öhdəliyi həmin quruma üzv olmaq istəyən Ermənistan üçün avtomatik təhlükəsizlik zəmanəti yaratmır”.

 

 

Şəbnəm

Gununsesi.info