83 nömrəli marşrutun avtobusları niyə yenilənmir? – AYNA-dan açıqlama

Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində hərəkət edən 83 nömrəli avtobuslarla bağlı narazılıqlar artır.

Bu barədə Gununsesi.info -ya vətəndaşlar məlumat veriblər.

Onların sözlərinə görə, sözügedən avtobuslarda texniki nasazlıqlar var.

“Bu avtobuslarda dəfələrlə təhlükəli vəziyyət yaranıb. 83 nömrəli avtobuslar artıq köhnəlib və tez-tez sıradan çıxır. Onlar yenilənməlidir. Sürücülər avtobusları idarə etməkdə çətinlik çəkirlər. Texniki nasazlıqlar isə qəza riskini artırır”, – deyə vətəndaşlar bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdik.

Sorğuya cavab olaraq AYNA-dan bildirdilər ki, 83 nömrəli marşrutun daşıyıcısına avtobusların yenilənməsi ilə bağlı tapşırıq verilib:

“Daşıyıcı avtobusların yenilənməsi istiqamətində iş aparır. Tərəfimizdən daşıyıcıya bir daha marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı xəbərdarlıq edilib”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info