Azərbaycanın ev sahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu uğurla başa çatdı. Forum çərçivəsində prezident Cənab İlham Əliyevin açılış nitqi, keçirilən açıq dialoqlar, müxtəlif ölkələrin media nümayəndələrinin fikir mübadiləsi və qarşılıqlı müzakirələri göstərir ki, müasir jurnalistika artıq təkcə xəbər yaymaq funksiyasını daşımır. Bu gün media cəmiyyətlər arasında etimadın qurulmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə, yanlış məlumatların qarşısının alınmasına və obyektiv informasiya mühitinin formalaşmasına da mühüm töhfə verir.
Milli Məclisin deputatı Səyyad Aran forumla bağlı fikirlərini Gununsesi.info ilə bölüşüb.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq media əməkdaşlığını genişləndirmək, qlobal informasiya mühitində aktual məsələləri müzakirə etmək və Şuşanın beynəlxalq dialoq məkanı kimi mövqeyini gücləndirmək baxımından forum mühüm əhəmiyyət daşıyır:
“Bu forum bir daha onu göstərdi ki, Azərbaycan regionun ən qüdrətli dövlətidir. Təbii ki, bu İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu və dinamik siyasətlə bağlıdır. Forumun Şuşada keçirilməsi şəhərin təkcə mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq fikir və media platforması kimi tanınmasına töhfə verir. Forum həm də Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir. Belə ki, xarici media nümayəndələrinin ölkəyə səfəri onlara Azərbaycanın inkişafı, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaratdı”.
Səyyad Aranın fikrincə, süni intellektin mediaya təsiri, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, saxta xəbərlərlə mübarizə və jurnalistikanın gələcəyi kimi məsələlər üzrə aparılan fikir mübadiləsi bu istiqamətdə yeni uğurlara qapı açacaq:
“Forum eyni zamanda media qurumları arasında yeni tərəfdaşlıqların qurulmasına, peşəkar təcrübə mübadiləsinə və ortaq layihələrin həyata keçirilməsinə şərait yaradır. Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media diplomatiyasını gücləndirən, qlobal informasiya mühitində etibarlı dialoqa töhfə verən və Şuşanın beynəlxalq əhəmiyyətini daha da artıran mühüm platforma kimi qiymətləndirilir”.
Elmar












