Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

  • By Admin2
  • 16 İyul 2026 14:06

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırır.

Bu barədə Gununsesi.info-ya DDLA-dan məlumat verilib.

“Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır. Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr arzulayırıq. Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almalarını, habelə mümkün olduğu hallarda belə səfərlərdən çəkinmələrini tövsiyə edirik”, – agentlikdən bildirilib.

Məlumata əsasən, eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyi gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyir:

“Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq”.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan 10 ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb, kapitan isə həlak olub.

Gununsesi.info