Türkiyədə azərbaycanlı həkimlərə qarşı ədalətsiz qərar - Onları 10 dəfə az maaş gözləyir

Türkiyədə uzmanlıq təhsili alan və tibb müəssisələrində çalışan azərbaycanlı asistan həkimlərin maliyyə hüquqları ilə bağlı ciddi böhran yaranıb. Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, tanınmış publisist İbrahim Nəbioğlunun verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Təhsil komissiyasında xarici ölkə vətəndaşı olan, o cümlədən yüzlərlə azərbaycanlı asistan həkimin taleyini həll edən qanun layihəsi müzakirə edilib.

Gununsesi.info xəbər verir ki, komissiya iclasında xarici asistan həkimlərin qazanılmış maliyyə hüquqlarının əlindən alınmasını nəzərdə tutan qanun maddəsi bütün etirazlara baxmayaraq qəbul olunub.

İ. Nəbioğlu bildirir ki, yeni qanun layihəsi bu şəkildə parlamentdən keçərsə, azərbaycanlı gənc həkimlərin (və digər xarici vətəndaşların) aylıq gəliri təxminən 17.900 Türkiyə lirəsi (təxminən 647 AZN) səviyyəsində qalacaq.

Eyni xəstəxanada çalışan, eyni növbəni tutan, eyni tibbi məsuliyyəti daşıyan və eyni əməliyyatlara girən Türkiyə vətəndaşı olan həmkarları isə onlardan düz 10 dəfə çox məvacib alacaqlar.

Keçmiş konsul bu qərarın həm hüquqi, həm də vicdani baxımdan qəbulolunmaz olduğunu vurğulayıb:

“İki həkim arasında yalnız vətəndaşlığa görə bu qədər böyük gəlir fərqinin yaradılması ədalətsizlikdir. Asistan həkimlərimiz heç bir əlavə imtiyaz tələb etmirlər. Onların tələbi yalnız gördükləri real əməyin qarşılığıdır. Hansı ki, onlar bu ödəniş hüququnu vaxtilə Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qazanmışdılar. İndi isə məhkəmə qərarı ilə qazanılmış hüququn yeni qanunla yenidən əllərindən alınmasını anlamaqda çətinlik çəkirəm”.

İ. Nəbioğlu xatırladıb ki, türk həkimlər Avropa ölkələrinə (Almaniya, İngiltərə və s.) getdikdə orada yerli həkimlərlə tamamilə eyni hüquqa və məvacibə sahib olurlar. Lakin Türkiyədə gələcəyin uzmanı olacaq azərbaycanlı gənclərə qarşı bu cür ayrı-seçkiliyin edilməsi ürəkağrıdıcıdır.
Məsələnin ən düşündürücü və təəssüf doğuran tərəfi isə rəsmi Bakının bu prosesə nümayiş etdirdiyi biganəlikdir. Keçmiş diplomat Azərbaycan tərəfinin məsələyə reaksiyasını belə təsvir edir:

“Nə qədər soraqlaşsam da, bizim rəsmilərin – Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Milli Məclisin hansısa bir təşəbbüsü, addımı, yaxud hansısa nümayəndənin Ankaraya ezam edilməsi barədə heç bir məlumat ala bilmədim. Azərbaycan tərəfinin bu anlaşılmaz susqunluğunun əksinə, Türkiyədə fəaliyyət göstərən ‘Suriya Doktorlar Birliyi’ adlı təşkilat TBMM-də, Təhsil Komissiyasında və parlament kulislərində aktiv iş aparır. Onlar öz həkimlərinin hüquqlarını qorumaq üçün millət vəkillərini məlumatlandırır, mübarizə aparırlar”.

Məlumata görə, hüquqları tapdanan azərbaycanlı gənc həkimlər də çarəsizlikdən elə Suriya dərnəyi rəhbərinin hazırladığı müraciət formasını öz fərdi məlumatları ilə dolduraraq aidiyyəti qurumlara təqdim etmək məcburiyyətində qalıblar.

Qanun layihəsinin yaxın günlərdə TBMM-in ümumi iclasında müzakirəyə çıxarılacağı gözlənilir. Layihə parlamentdə qəbul olunarsa, təsdiqlənməsi üçün Türkiyə Prezidentinə göndəriləcək.

İbrahim Nəbioğlu Azərbaycan ictimaiyyətinə və rəsmilərinə müraciət edərək gənclərimizə sahib çıxmağa çağırıb:

“Bu parlaq övladlarımızın taleyinə, gələcəyinə nə üçün biganəyik? Unutmayın, xəstələnəndə yenə də onlara müraciət edəcəksiniz!”

 

Qeyd edək ki, TBMM-in Təhsil komissiyasında qəbul edilən bu qanun layihəsinə qarşı yalnız bəzi müxalif millət vəkilləri – Bursa millət vəkili Kayıhan Pala və Mersin millət vəkili Perihan Koca sərt etiraz bildiriblər.

 

Afət Abbasova

Gununsesi.info