Politoloq: "Azərbaycanın İsrail ilə strateji tərəfdaşlığı Fələstinə dəstəyinə mane olmur"

  • By Admin2
  • 16 İyul 2026 14:40

Politoloq Turan Rzayev Prezident İlham Əliyevin Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşünü şərh edib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, Azərbaycan ilə Fələstin arasında münasibətlər uzun illərə söykənir və rəsmi Bakı Fələstin dövlətinin müstəqilliyini tanıyaraq, münaqişənin beynəlxalq hüquq əsasında həllini ardıcıl şəkildə dəstəkləyir.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin görüş zamanı paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına Azərbaycanın dəstəyini bir daha bəyan etməsi bu mövqeyin dəyişməz olduğunu göstərir.

Turan Rzayev qeyd edib ki, Azərbaycanın eyni zamanda İsraillə strateji tərəfdaş olması bəzi dairələr tərəfindən yanlış şərh edilir:

“Bakının Təl-Əvivlə strateji tərəfdaşlığı Azərbaycanın İsrailin Fələstin torpaqlarını işğal etməsini dəstəklədiyi anlamına gəlmir. Əksinə, Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət Fələstinin maraqlarına da xidmət edir.”

Politoloqun fikrincə, Fələstin tərəfi də Azərbaycanın bu siyasətini düzgün qiymətləndirir. O xatırladıb ki, Baş nazir Məhəmməd Mustafa Bakıda keçirdiyi görüşdə Fələstində ağır vəziyyətin hökm sürdüyünü bildirərək, dost ölkələrin dəstəyinə ümid etdiyini ifadə edib və Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü çatdırıb.

Rzayev eyni zamanda hesab edir ki, Fələstin Azərbaycanın İsraillə dialoq qura bilən etibarlı tərəfdaşlardan biri olduğunu anlayır və məhz bu səbəbdən Bakı ilə münasibətlərə xüsusi önəm verir.

Politoloq Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə də BMT çərçivəsində Fələstinin mövqeyini ardıcıl şəkildə dəstəklədiyini, Ramallahda Azərbaycanın Təmsilçilik Ofisinin fəaliyyət göstərdiyini və Fələstinin Azərbaycandakı səfirliyinin saxlanılması ilə bağlı xərclərin Azərbaycan dövləti tərəfindən qarşılandığını da xatırladıb.

O, həmçinin vurğulayıb ki, Azərbaycan müsəlman ölkələri arasında Fələstinə ən çox humanitar və maliyyə yardımı göstərən dövlətlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif illərdə Fələstinə milyonlarla dollar maliyyə yardımı ayırıb, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyi (UNRWA) vasitəsilə humanitar dəstək göstərib, həmçinin hər il müxtəlif layihələr çərçivəsində Fələstinə yardım edir.

Orxan

Gununsesi.info