Ermənistanda iş adamı və siyasətçi Qaqik Tsarukyana məxsus “Araratsement” zavodu dövlətin idarəçiliyinə və mühafizəsinə verilib.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş Prokurorluğun bununla bağlı vəsatəti məhkəmə tərəfindən təmin olunub.
Məlumata görə, dövlət qurumları Tsarukyandan böyük həcmdə əmlak və vəsaitin müsadirə edilməsini tələb edir.
İddia çərçivəsində ondan:
– 75 daşınmaz əmlak obyekti və daha 10 obyektin bazar dəyərinin;
– 42 nəqliyyat vasitəsinin
– 38 şirkətdəki paylarının, o cümlədən “Multi Group” konserni, “Multi Avtotrans” MMC, “Onira Club” MMC və digər hüquqi şəxslərdəki iştirak paylarının;
– qanunsuz gəlir qalığı və verilmiş borclar daxil olmaqla 105 milyard dramdan (təxminən 284 milyon ABŞ dolları) çox vəsaitin dövlətə keçirilməsi tələb olunur.
Bildirilir ki, müsadirəsi istənilən 75 daşınmaz əmlakdan 57-si İrəvanda yerləşir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qaqik Tsarukyanın biznesinə qarşı sərt açıqlamalar vermişdi. O, Tsarukyanın “biznes onurğasını qıracağını”, əmlaklarını, o cümlədən “Araratsement”i əlindən alacağını və onun evini qocalara xidmət mərkəzinə çevirəcəyini bildirmişdi.










