Qarabağdakı anti-terror əməliyyatından iki il ötür

  • Müəllif: admin
  • 19 Sentyabr 2025 18:00

Bu gün Azərbaycanın təhlükəsizlik qüvvələrinin Qarabağda keçirdiyi anti-terror əməliyyatından iki il ötür.

Olduqca mükəmməl şəkildə hazırlanmış əməliyyat zamanı cəmi 1 sutka ərzində separatçı rejimin qalıqları məhv edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Allah şəhidlərimizə rəhmət eləsin!
Növbəti il Rusiya ordusu Azərbaycanı tərk etməyə məcbur oldu, daha 1 il sonra Vaşinqtonda Ermənistanla hərtərfəli sülh müqaviləsi paraflandı.
Azərbaycanın 2020-2025-ci illərdə işğalın aradan qaldırılması, suverenliyin tam təmin olunması strategiyası qüsursuzdur, ölkəmiz postsovet məkanında etnik münaqişələrdən əziyyət çəkən dövlətlər arasında bu problemi kökündən həll etməyi bacaran ilk respublikadır.
Münaqişənin həlli və sülh gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açır, xüsusi ilə regionda xarici güclərin yeni balansının formalaşmasında Azərbaycan güclü mövqeyə sahibdir. Bu, ölkənin müstəqilliyinin, suverenliyinin, milli təhlükəsizliyinin qorunmasında və möhkəmləndirlməsində müstəsna əhəmiyyətə malikdir.
Hazırda ölkənin qarşısında duran əsas prioritet milli həmrəyliyin, siyasi, sosial-iqtisadi inkişafın təmin olunmasıdır. Bu da hərtərfli islahatların həyata keçirilməsini zəruri edir. Yeni Konstitusiyanın qəbul olunması, fundamental hüquqların bərpası, güclü siyasi sistemin, vətəndaş cəmiyyətinin, rəqabətli iqtisadiyyatın qurulması – nəticədə vətəndaşların ləyaqətli yaşam hüququnun təmin edilməsi vacibdir və qaçılmazdır.
Tanrı Azərbaycanı qorusun!

 

Elçin

Gununsesi.info