“Ölkə pis və səriştəsiz idarə olunur. Dünyanın bir çox yerində inflyasiya nəzarət altına alınarkən, Türkiyədə əksinə, daha da artır. Bunun əsas səbəbi rasional və düzgün idarəetmə əvəzinə səriştəsiz kadrların önə çəkilməsi, hakimiyyəti qorumaq naminə davamlı siyasi gedişlərin həyata keçirilməsi və dövlətin verdiyi sənədlərə inamın sarsılmasıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri Özgür Özal partiyasının bugünkü qrup iclasında çıxışı zamanı deyib:
“İnsanlarda sual yaranır: Əmlak sənədim tanınacaqmı? Bank hesabımdakı vəsaitə təminat veriləcəkmi? Otuz il əvvəl alınmış diploma hörmət olunacaqmı? Sabah verilən vədlər yerinə yetiriləcəkmi? Dövlət təminatı əsas müxalifət partiyasının təminatından daha zəif görünürsə, bu vəziyyət nə vaxta qədər davam edəcək?
Bütün bunlar ölkənin risk göstəricilərinin artmasına, daha bahalı borclanmasına, yüksək faiz dərəcələrinə və çıxış yolu tapmaqda çətinlik çəkdiyi iqtisadi dövrana səbəb olur. Artıq elə bir mərhələyə gəlinib ki, köklü dəyişikliklərə, sistemi başdan-ayağa yeniləyəcək yeni yanaşmaya ehtiyac var.
Türkiyə qanunu və məhkəmələri saymayanları, siyasi rəqiblərini sıradan çıxarmağa çalışanları, seçkilərdə qalib gəlmək və ya məğlubiyyətdən yayınmaq üçün müxtəlif vasitələrə əl atanları geridə qoymalıdır. Gücünü qorumaq naminə qanunun ən əsas prinsiplərini belə nəzərə almayan yanaşmalar qəbul edilə bilməz.
Türkiyə xalqın iradəsinin, qanunun və ədalətin üstün gəldiyi bir ölkə olmalıdır. Ölkənin gələcəyi yalnız bu prinsiplərin bərqərar olması ilə parlaq ola bilər. Millətin qələbəsi də məhz bundan keçir. Bu böhran isə onu doğuran səbəblər aradan qaldırılmadıqca sona çatmayacaq”.
Şəbnəm












