Tural Gəncəliyevdən AŞPA-nın qətnaməsinə reaksiya: "Bu, Azərbaycana qarşı növbəti kampaniyadır"

AŞPA-nın Strasburqda keçirilən plenar iclasında Azərbaycanla bağlı qətnamə qəbul olunub.

“Tənqidi səslərin susdurulması” adlı qətnamənin müzakirəsi zamanı deputatlar Azərbaycan hökumətini tənqid ediblər.

Çıxışlarda bildirilib ki, ölkədə müstəqil jurnalistika, siyasi müxalifət, vətəndaş cəmiyyəti və ifadə azadlığına ciddi məhdudiyyətlər tətbiq olunur.

Qətnamədə qeyd edilib ki, Azərbaycan son illərdə Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarını icra etməyib.

Sənəddə hökumət beynəlxalq insan hüquqları sahəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırılıb.

AŞPA, həmçinin, Milli Məclisi bu məsələlərin müzakirəsi üçün Assambleya ilə dialoqu bərpa etməyə və Avropa Şurası qurumları ilə əməkdaşlığı davam etdirməyə çağırıb.

Mövzu ilə Gununsesi.info  -ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, AŞPA-da Azərbaycan əleyhinə kampaniyanın davam etdirilməsi təəccüblü deyil.

Deputatın sözlərinə görə, Frank Şvabenin əvvəllər də Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi onun növbəti dəfə bu cür təşəbbüslərlə gündəmə gəlməsini gözlənilən edir:

“Avropa Şurası Parlament Assambleyasında növbəti bir fars səhnələşdirilib və baş rolda çıxış edən Frank Şvabenin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər AŞPA-da gündəmi zəbt edib.

Zatən AŞPA-nın belə yarıtmaz, ikiüzlü və riyakar siyasətinin nəticəsidir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dayandırıb və həmin qurumun sessiyalarında iştirak etmir. Hətta Azərbaycanın olmadığı bir sessiyada belə başqa hədəf tapa bilməyən, AŞPA daxilində müzakirə oluna biləcək digər məsələləri, ümumavropa və ümumən Avropa Şurasının problemlərini kənara qoyaraq yenə də Azərbaycanı hədəf almaq bir daha göstərir ki, AŞPA-nın tərkibində olan qüvvələr Azərbaycanın müharibədən sonra yaratdığı reallığı dərk etmək istəmirlər, onu qəbul edə bilmirlər.

Bu dəfə də Azərbaycana qarşı müzakirələrdə istifadə etdikləri tezislərə və arqumentlərə baxdıqda, onların nə qədər gülünc olduğu görünür.

Çünki həmin Avropa Şurası Parlament Assambleyası 30 il ərzində bir dəfə də olsun insan hüquqlarından danışarkən azərbaycanlı keçmiş məcburi köçkünlərin hüquqlarından bəhs etməyib. Mən özüm 30 il ərzində məcburi köçkün kimi yaşamışam. Həyatımın əsas hissəsi Ermənistanın işğalı nəticəsində məhv olub, dağılıb. Həmin dövrdə keçirdiyim məşəqqətləri bir dəfə də olsun AŞPA-da heç kim, elə Şvabe başda olmaqla, dilə gətirməyib.

Ona görə də AŞPA-nın bu ikiüzlü və riyakar siyasəti, insan hüquqları məsələlərindən alət kimi istifadə etməsi, Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı məsələləri öz istədiyi kimi qələmə verməsi onu göstərir ki, bu institut öz nüfuzunu çoxdan itirib və gələcəkdə insan hüquqları ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmaq istiqamətində hər hansı iddia irəli sürmək üçün özündə heç bir etibar saxlamayıb.

AŞPA-da səsləndirilən fikirləri, qəbul edilən sənədləri və Şvabenin mövqeyini tamamilə rədd edirik. Şvabenin özü korrupsiya sxemləri, erməni lobbisi və anti-Azərbaycan qüvvələri ilə əməkdaşlığı ilə bağlı ittihamlarla uzun müddətdir gündəmdədir. Buna görə də onun belə mövqeyi heç kimdə təəccüb yaratmır”.

Deputat qeyd edib ki, Şvabenin bu mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarına nəzər saldıqda görürük ki, AŞPA-nın həvəslə istinad etdiyi məsələlər yenə də erməni məhbuslar və guya Qarabağda erməni dini irsinin dağıdılması iddialarıdır:

“Bu isə bir daha göstərir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özü əvvəl qəbul etdiyi Çıraqov Ermənistana qarşı işində səsləndirdiyi fikirləri düzgün təqdim edə bilmir.

Ermənistanın işğalçı olmasını və Azərbaycana vurduğu zərərləri dilə gətirə bilmir. Ancaq öz maraqlarına və məkirli siyasətinə uyğun gəldikdə Azərbaycanın daxili işlərinə qarışmaq, insan hüquqları ilə bağlı məsələləri qabartmaq istiqamətində fəallıq nümayiş etdirməyə çalışır.

Avropa ölkələri, xüsusilə də AŞPA, insan hüquqlarına riyakar yanaşırlar.

Avropa institutlarında, Avropa Parlamentində və AŞPA-da çoxsaylı korrupsiya qalmaqallarının, Avropa siyasətçilərinin hansı niyyətlərə və məqsədlərə xidmət etdiyinin şahidi olmuşuq.

Ona görə də hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin hazırda həmin sessiyada iştirak etməməsi və fəaliyyətini dayandırması AŞPA-ya verilən ən yaxşı cavabdır.

Təbii ki, AŞPA-da erməni maraqlarına xidmət edən siyasətçilər çoxdur. Ermənistan özü hazırda bu işdə əvvəlki qədər fəal olmasa da, onun dili ilə danışmaq istəyənlər kifayət qədərdir.

Çünki onların Avropa Şurasında görə biləcəkləri başqa iş yoxdur. Öz problemlərini, öz ölkələrinin daxilində insan hüquqları sahəsində mövcud olan çatışmazlıqları kənara qoyaraq islamofobiya, ksenofobiya, türkofobiya və azərbaycanofobiya kimi halları, həmçinin xristian təəssübkeşliyini görməzdən gəlirlər.

Bunları kənara qoyaraq hədəf ölkə kimi Azərbaycanı və Türkiyəni seçirlər, gündəliklərini bu məsələlər üzərində qurur və guya hansısa yüksək amallara, prinsiplərə xidmət etdiklərini düşünürlər.

Bu, absurd və gülüncdür. Biz AŞPA-nın bu riyakar siyasətini birmənalı şəkildə rədd edirik.

Azərbaycan heç vaxt imkan verməyəcək ki, Avropa Şurasındakı çürümüş “dəyərlər” və “prinsiplər”, ailə dəyərlərinə və mühafizəkar prinsiplərə zidd yanaşmalar bizim cəmiyyətə sirayət etsin.

Azərbaycan öz dəyərlərini çox yaxşı bilir, öz prinsiplərinə sadiqdir və heç vaxt kiminsə gəlib ona dərs keçmək cəhdini qəbul etməyəcək”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info