“Azərbaycan rəqəmsal inkişafda yeni mərhələyə qədəm qoyur”

Deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı bir sıra mühüm mövzulara toxunub.

Gununsesi.info bildirir ki, deputat Azər Badamov çıxışı zamanı Azərbaycanın artan beynəlxalq nüfuzunun bəzi dairələrdə narahatlıq doğurduğunu bildirib. 

“Xüsusilə AŞPA-da Frank Şvabe kimi qərəzli mövqe nümayiş etdirən şəxslər ikili ölçülərə əsaslanan yanaşmalarını davam etdirirlər.

Azərbaycan nümayəndə heyətinin iştirak etmədiyi iclaslarda ölkəmiz barədə əvvəlcədən hazırlanmış sifarişli ssenarilər əsasında qərəzli müzakirələrin aparılması və hüquqi-siyasi əsası olmayan sənədlərin qəbul edilməsi AŞPA-da parlament diplomatiyasının əsas prinsiplərinin ciddi şəkildə pozulduğunu bir daha göstərir”,-deyə o əlavə edib.

Azər Badamov çıxışında iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal Şuranın ilk iclasının keçirildiyini də xatırladıb.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq təsdiqlənmiş Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı və Yol Xəritəsi əsasında növbəti üç il üçün rəqəmsallaşma, süni zəka, kibertəhlükəsizlik və yenilik mühitinin inkişafı istiqamətində mühüm hədəflər müəyyən edilib:

“Bu gün dünya inkişafını yüksək texnologiyalar və süni zəka müəyyənləşdirir. Onun sözlərinə görə, bu çağırışlara vaxtında qoşulan ölkələr daha güclü iqtisadiyyat qurur və davamlı inkişafa nail olurlar.

Şuranın ilk iclasında müasir yenilik mühitinin yaradılması, yerli və xarici sərmayələrin cəlb olunması, yeni təşəbbüslərin gücləndirilməsi və dövlət idarəçiliyində rəqəmsal həllərin geniş tətbiqi ilə bağlı mühüm məsələlər müzakirə edilib”.

Sonda deputat qeyd edib ki, Milli Məclis də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın uğurla həyata keçirilməsinə öz töhfəsini verməli, bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və rəqəmsal çevrilməni dəstəkləyən yeni qanunvericilik təşəbbüslərinin hazırlanması istiqamətində fəaliyyətini davam etdirməlidir.

 

Şəbnəm

Gununsesi.info