Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə növbəti müsabiqənin keçiriləcəyi vaxt məlum olub.
Gununsesi.info-nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, 2026-cı il üzrə müəllimlərin işə qəbulu imtahanının avqust ayının ilk ongünlüyündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, müsabiqə nazirliyin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərində mövcud vakant müəllim vəzifələrinin tutulması məqsədilə təşkil edilir.
Müsabiqədə ali və ya orta ixtisas musiqi və incəsənət təhsili olan, müvafiq ixtisas üzrə pedaqoji fəaliyyət göstərmək hüququna malik namizədlər iştirak edə bilərlər.
İmtahanın keçiriləcəyi dəqiq tarix, qeydiyyat prosesi, vakant yerlər və digər şərtlərlə bağlı məlumatların yaxın günlərdə Mədəniyyət Nazirliyinin rəsmi informasiya resurslarında açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, müəllimlərin işə qəbulu müsabiqəsi hər il vakant yerlərin komplektləşdirilməsi məqsədilə keçirilir və namizədlər imtahanın nəticələrinə uyğun olaraq müvafiq təhsil müəssisələrinə yerləşdirilir.











