Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən baxış iclası iyulun 31-nə təyin edilib və müdafiə vəkilləri tərəfindən verilən vəsatət təmin edilərək İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.
İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.
Mövzu ilə bağlı Gununsesi.info–ya danışan hüquqşuna Xəyal Məmmədov bildirib ki, bu məsələdə ilk növbədə qətimkan tədbiri ilə məhkəmə hökmü anlayışlarını bir-birindən fərqləndirmək lazımdır:

“Cəmiyyətdə belə bir fikir formalaşıb ki, şəxsin həbsdən ev dustaqlığına keçirilməsi onun cəzadan azad olunması və ya bəraət alması deməkdir. Hüquqi baxımdan bu doğru yanaşma deyil. Burada dəyişən hökm deyil, yalnız qətimkan tədbiridir. Yəni cinayət işi üzrə yekun qərar hələ verilməyib və ya qanuni qüvvəyə minməyib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən, qətimkan tədbirləri cinayət prosesinin normal gedişini təmin etmək məqsədilə tətbiq olunur. Həmin Məcəllənin 163-cü maddəsinə görə isə ev dustaqlığı seçilərkən məhkəmə şəxsin üzərinə müəyyən öhdəliklər və qadağalar qoya bilər. Bu qadağalara yaşayış yerini tərk etməmək, müəyyən şəxslərlə əlaqə saxlamamaq, internetdən və sosial şəbəkələrdən istifadə etməmək də daxildir. Əgər məhkəmə qərarında sosial şəbəkələrdən istifadə qadağan olunubsa, həmin qadağa tam şəkildə yerinə yetirilməlidir. Şəxsin öz hesabından paylaşım etməsi, canlı yayım açması, başqa profil və ya üçüncü şəxsin hesabı vasitəsilə fəaliyyət göstərməsi də məhkəmə qərarının pozulması kimi qiymətləndirilə bilər. Burada əsas məsələ hesabın adına deyil, həmin paylaşımı və ya fəaliyyəti faktiki olaraq kimin həyata keçirməsinə baxılmasıdır. Hüquqi təcrübəmə və müşahidələrimə əsasən, deyə bilərəm ki, bəzi insanlar düşünürlər ki, başqa hesabdan istifadə etməklə məsuliyyətdən yayına bilərlər. Bu, hüquqi baxımdan yanlış fikirdir”.
O qeyd edib ki, əgər araşdırma zamanı həmin paylaşımın və ya canlı yayımın qadağa qoyulmuş şəxs tərəfindən edildiyi müəyyən olunarsa, bu, məhkəmə qərarının pozulması hesab edilə bilər:
“Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə əsasən, şəxs məhkəmənin müəyyən etdiyi öhdəlikləri pozduqda və ya bunun üçün əsaslar yarandıqda qətimkan tədbiri dəyişdirilə bilər. Bu isə o deməkdir ki, ev dustaqlığının şərtlərinin pozulması daha ağır qətimkan tədbirinin, o cümlədən həbs qətimkan tədbirinin yenidən seçilməsi ilə nəticələnə bilər. Mənim hüquqi məsləhətim ondan ibarətdir ki, barəsində ev dustaqlığı seçilmiş hər bir şəxs məhkəmə qərarında göstərilən bütün qadağalara ciddi əməl etsin. Bəzən sosial şəbəkədə edilən bir paylaşım və ya bir neçə dəqiqəlik canlı yayım belə hüquqi baxımdan ciddi nəticələr yarada bilər. Məhkəmə qərarlarına əməl etmək hər bir şəxsin qanuni öhdəliyidir. Bu öhdəliklərin pozulması isə hüquqi vəziyyəti ağırlaşdıra, hətta şəxsin yenidən həbs olunmasına səbəb ola bilər. Mən hər zaman tövsiyə edirəm ki, məhkəmə prosesi yekunlaşana qədər emosional addımlardan çəkinilsin, sosial şəbəkələrdə aktivlik göstərilməsin və məhkəmənin müəyyən etdiyi bütün şərtlərə tam riayət olunsun. Bu, sonradan yarana biləcək əlavə hüquqi problemlərin qarşısını almağın ən düzgün yoludur”.
Şəbnəm Rəhimova











