Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

  • Müəllif: Firuzə
  • 03 Avqust 2026 09:47

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

“İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, qabiliyyət imtahanı kompüterlər vasitəsilə keçiriləcək. Abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar.

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində) tanış ola bilərsiniz.

Gununsesi.info