Fransa və daha 30 ölkə İranda etirazçıların edam edilməsini pislədi

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 11:57

Fransa, Böyük Britaniya, Kanada və 30-dan çox ölkə İranın ölüm cəzasından istifadəsini və etirazçıların edam edilməsini ən sərt şəkildə pisləyib.

Gununsesi.info-nun xəbərinə görə, birgə bəyanatda bildirilib ki, İran hakimiyyəti müxalif səsləri susdurmaq və cəmiyyətdə qorxu yaratmaq üçün ölüm cəzasından istifadə edir.

Bəyanatda vurğulanıb ki, müxalifəti susdurmaq, cəmiyyəti qorxutmaq və öz insan haqlarından istifadə edən şəxsləri cəzalandırmaq üçün ölüm cəzasından istifadə heç vaxt əsaslandırıla bilməz. İran xalqı söz və dinc toplaşmaq azadlığından qorxmadan istifadə edə bilməlidir.

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, bəyanatı əvvəlcə 26 ölkə və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb, daha sonra daha 5 ölkə də qoşulub. Ümumilikdə 32 imzaçı İrandan ölüm cəzasına dərhal son qoymağı və özbaşına həbs edilən bütün şəxsləri azad etməyi tələb edib.

Amnesty International isə bildirir ki, İran qlobal edamların sayını 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb.

BMT-nin məlumatına görə, 19 martdan etibarən İranda milli təhlükəsizliklə bağlı ittihamlarla ən azı 56 nəfər edam edilib. Onlardan 27-si etirazlarla əlaqəli işlər üzrə edam olunub. Daha 100-dən çox insanın oxşar ittihamlarla edam təhlükəsi altında olduğu bildirilir.

BMT həmçinin ədalətli məhkəmələrin keçirilməməsi və məcburi etirafların alınması ilə bağlı ciddi narahatlığını açıqlayıb. BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk bildirib ki, Tehran ölüm cəzasından insanlarda qorxu yaratmaq üçün istifadə edir.

Bəyanatla bağlı İran tərəfinin də cavabı var. 

İranın xarici işlər naziri Abbas Arakçı bu tənqidləri rədd edərək Fransa kimi ölkələrin dünya ölkələrinə “insan haqları” və beynəlxalq hüquq barədə dərs verməyi dayandırmalı olduğunu bildirib və bunu “açıq və utancverici riyakarlıq” adlandırıb.

Arakçı X sosial şəbəkəsində yazıb ki, Qəzzada İsrailin “soyqırımına” və İrana qarşı hücuma dəstək verilməsi bu ölkələrin mənəvi üstünlük iddiasını aradan qaldırıb.

Elmar

Gununsesi.info