Laçın Azərbaycan tarixində yalnız coğrafi məkan olmaqla yanaşı, həm də milli yaddaşın, strateji iradənin və Böyük Qayıdışın rəmzlərindən biridir. Bu gün Laçın haqqında danışarkən söhbət yalnız işğaldan azad edilmiş bir şəhərin bərpasından getmir.
Burada Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni inkişaf modelinin – təhlükəsizlik, məskunlaşma, infrastruktur, yaşıl enerji, sənayeləşmə, turizm və regional bağlantıların vahid məkanda birləşdirildiyi kompleks siyasətin nəticələrini görmək mümkündür.
1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə rayonun inzibati ərazi vahidi kimi təşkil edilməsi Laçının Azərbaycan dövlətçiliyi tarixindəki yerini müəyyənləşdirən mühüm mərhələlərdir. 1835 kvadratkilometr əraziyə malik rayon zəngin təbii resursları, meşələri, yaylaqları və strateji coğrafi mövqeyi ilə hər zaman xüsusi əhəmiyyət daşıyıb.
Laçının yaxın tarixində ən ağır səhifə 18 may 1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması oldu. İşğal nəticəsində Laçın əhalisi doğma torpaqlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və ya itkin düşdü, rayonun sosial-iqtisadi və mədəni infrastrukturu dağıdıldı. Mədəniyyət, təhsil, səhiyyə, rabitə və digər obyektlərin məhv edilməsi ilə yanaşı, tarixi abidələr də vandalizmə məruz qaldı. Laçının işğalı hərbi baxımdan da xüsusi əhəmiyyət daşıyırdı. Rayonun itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin formalaşmasına imkan verdi. Bu səbəbdən Laçının işğalı təkcə bir rayonun itirilməsi deyil, Azərbaycanın regional təhlükəsizlik sisteminə və ərazi bütövlüyünə ciddi zərbə idi.
Laçının azadlığı tarixi ədalətin bərpası oldu. 2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər Laçının taleyində dönüş nöqtəsi yaratdı. Üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu tarix Azərbaycan tarixində ayrıca siyasi və mənəvi məna daşıyır. Çünki Laçına qayıdış əraziyə nəzarətin bərpası, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtmaq hüququnun reallaşdırılması oldu. Məhz bu səbəbdən 26 avqustun Laçın Şəhəri Günü elan edilməsi xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi Azərbaycanın tarixi yaddaş siyasətinin mühüm istiqamətlərindən biridir.
Laçının azad edilməsində iştirak edən hərbçilərin fədakarlığı da xüsusi qeyd olunmalıdır. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması bu Zəfərin arxasında dayanan qəhrəmanlığın miqyasını göstərir. Laçının bugünkü siması göstərir ki, Azərbaycanın qarşısında duran məqsəd yalnız dağıdılmış şəhərləri yenidən qurmaq deyil. Məqsəd həmin ərazilərdə müasir, dayanıqlı və rəqabətqabiliyyətli yaşayış məkanları formalaşdırmaqdır. Prezident İlham Əliyevin Laçınla bağlı “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri bu siyasətin mahiyyətini ifadə edir.
Laçının inkişafını bir neçə əsas istiqamət üzrə qiymətləndirmək olar. İnsan və məskunlaşma, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, sənaye və məşğulluq, turizm, su təhlükəsizliyi və müasir şəhərsalma vacib istiqamətlərdəndir. Bu istiqamətlərin bir-birini tamamlaması Laçını adi bərpa layihəsindən daha geniş, regional inkişaf layihəsinə çevirir. Laçının inkişafında ən diqqətçəkən istiqamətlərdən biri enerji sektorudur. Rayonda ümumi gücü 65,5 MVt olan və illik 194 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək potensialına malik 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur. 2021-ci ildə 8 MVt gücündə Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi bu prosesin başlanğıc mərhələlərindən biri oldu. Sonrakı illərdə “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” SES-lərin istifadəyə verilməsi ilə Laçının enerji xəritəsi əhəmiyyətli şəkildə dəyişdi. 2026-cı il iyulun 11-də isə Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı həyata keçirildi. Bu layihələrin strateji əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır.
Yaşıl enerji Laçının iqtisadi modelinin əsas dayaqlarından biridir. Hazırda Laçının 8-10 MVt-lıq elektrik tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması, artıq enerjinin isə ölkənin enerji sisteminə ötürülməsi azad edilmiş ərazilərdə yeni enerji modelinin formalaşdığını göstərir. Daha mühüm məqam isə perspektivdir. 2040-cı ildə Laçının elektrik tələbatının 80 MVt-a çatacağı proqnozlaşdırılır. Mövcud və planlaşdırılan su elektrik stansiyaları nəzərə alındıqda, rayonun uzunmüddətli perspektivdə də yaşıl enerji ilə təmin olunması hədəflənir. Bu, Laçını təkcə yaşayış məntəqəsi deyil, Azərbaycanın yaşıl enerji siyasətinin regional laboratoriyalarından birinə çevirir.
11 iyul 2026-cı ildə Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması rayonun inkişaf strategiyasının daha bir mühüm istiqamətini ortaya qoydu. Layihəyə əsasən su anbarının ümumi tutumu 100 milyon, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Təxminən 172 kilometrlik magistral boru kəmərinin yaradılması planlaşdırılır. Layihənin əhəmiyyəti Laçının hüdudlarını aşır. İnfrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təxminən 700 min insanın içməli su təminatına töhfə verməsi nəzərdə tutulur. Laçın burada yalnız bərpa olunan ərazi deyil, həm də ətraf regionların su təhlükəsizliyinə xidmət edən strateji mərkəz kimi çıxış edir. Üstəlik, su anbarından qidalanan magistral boru kəməri üzərində ümumi gücü 10,81 MVt olan üç su elektrik stansiyasının tikintisinin nəzərdə tutulması su və enerji siyasətinin vahid layihələrdə birləşdirildiyini göstərir.
Laçın regional nəqliyyat xəritəsində də əhəmiyyətli yer tutur, çünki Laçının inkişafının digər mühüm komponenti nəqliyyat infrastrukturudur. Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometr olacaq və mövcud marşrutdan 32,2 kilometr daha qısa olacaq. Yolun müxtəlif hissələrində iki, üç və dörd hərəkət zolağının yaradılması nəzərdə tutulur. Yol üzərində 17 tunelin və 23 körpünün inşası mühəndislik baxımından layihənin mürəkkəbliyini göstərir. Tunellərin ümumi uzunluğunun 13,3 kilometr, körpülərin ümumi uzunluğunun isə 4163 metr olması bu infrastrukturun miqyasını ortaya qoyur. Bu yol Laçının digər rayonlarla əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgənin iqtisadi dövriyyəsini sürətləndirəcək, turizm və biznes imkanlarını genişləndirəcək.
Laçın Beynəlxalq Hava Limanı isə bu bağlantı sisteminin ən mühüm elementlərindən biridir. 28 may 2025-ci ildə istifadəyə verilən hava limanı dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşməklə Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. 3000 metr uzunluğunda uçuş-enmə zolağı, 5000 kvadratmetrlik terminalı və saatda ən azı 200 sərnişinə xidmət imkanları ilə hava limanı Laçının beynəlxalq nəqliyyat imkanlarını genişləndirir. Bu obyektin əhəmiyyətini yalnız aviasiya infrastrukturu kimi qiymətləndirmək düzgün olmaz. Laçın hava limanı Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq turizm, biznes və logistika imkanlarına çıxışını gücləndirən strateji infrastruktur obyektidir.
2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma yurda qayıdışı başladı. Bu, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin mühüm mərhələlərindən biridir. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin – 2264 nəfərin, Zabux kəndinə 217 ailənin – 823 nəfərin, Sus kəndinə 59 ailənin – 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin – 363 nəfərin daimi köçürülməsi təmin edilib. Bu rəqəmlər Böyük Qayıdışın artıq yalnız siyasi şüar olmadığını, real məskunlaşma prosesi kimi həyata keçirildiyini göstərir. Əsas məsələ isə insanların sadəcə evlə təmin edilməsi deyil. Qayıdan vətəndaş üçün məktəb, səhiyyə, iş yeri, ictimai xidmətlər, istirahət məkanları, nəqliyyat və sosial həyat imkanları yaradılmalıdır. Laçında həyata keçirilən layihələr məhz bu kompleks yanaşmaya əsaslanır.
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə qurulduğunu göstərir. Planın əsas xüsusiyyətlərindən biri “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqidir. Bu yanaşmanın məqsədi insanların gündəlik ehtiyac duyduğu obyektlərə yaşayış məhəllələrindən qısa müddətdə çatmasını təmin etməkdir. Məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri, ictimai məkanlar və digər xidmətlərin yaşayış məhəllələrinə inteqrasiyası Laçını yalnız yenidən tikilmiş şəhər deyil, gələcəyin şəhəri kimi formalaşdırmağa imkan verir. Bu yanaşma xüsusilə vacibdir. Çünki postmüharibə şəhərsalmasının məqsədi keçmişdəki şəhəri eynilə təkrarlamaq yox, daha funksional və müasir şəhər yaratmaqdır.
Bərpa prosesi iqtisadi aktivliyə çevrilir. Laçının yeni inkişaf modelində iqtisadiyyat və məşğulluq xüsusi yer tutur. Rayonda artıq 1000-dən çox yaşayış evi tikilib və ya bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, 138 mənzil və 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Qarşıdakı mərhələlərdə yeni fərdi evlərin və çoxmənzilli binaların inşası davam etdiriləcək. Bərpa prosesinin uzunmüddətli uğuru yalnız tikilən evlərin sayı ilə ölçülməməlidir. Əsas göstəricilərdən biri həmin ərazidə iqtisadi fəaliyyətin və dayanıqlı məşğulluğun formalaşdırılmasıdır. Bu baxımdan Laçın Aqro-Sənaye Parkının yaradılması mühüm əhəmiyyət daşıyır. Parkda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi planlaşdırılır. Burada mebel, yeyinti, yüngül sənaye, balıqçılıq, ekoloji təmiz emal və digər istiqamətlər üzrə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. “LATIFA” Laçın tikiş fabriki, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı, mebel fabriki və digər istehsal müəssisələri şəhərdə yeni iqtisadi ekosistemin formalaşdığını göstərir. Bu prosesin ən mühüm tərəfi isə iş yerlərinin yaradılması ilə yanaşı, həmin iş yerlərinin Laçın sakinləri üçün əlçatan olmasıdır. Mebel fabrikində çalışan 54 nəfərin 42-nin Laçın sakini olması, “Laçın” İstirahət Kompleksində çalışan 174 nəfərin 122-nin Laçın, Kəlbəcər və digər işğaldan azad olunmuş ərazilərin sakinləri olması yerli məşğulluğun təmin edilməsinə yönəlmiş siyasətin nəticəsidir.
Laçının təbii landşaftı, dağları, meşələri, çayları və tarixi-mədəni irsi turizmin inkişafı üçün böyük imkanlar yaradır. 2025-ci ildə Zerti kəndində “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi bu potensialın iqtisadi aktivliyə çevrilməsi baxımından mühüm addımdır. Laçın şəhərində bulvarın, Həkəri çayı ətrafında istirahət məkanlarının, asma körpünün, göl və digər turizm infrastrukturlarının yaradılması şəhərin turizm konsepsiyasını tamamlayır. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolunun da bu baxımdan əhəmiyyəti böyükdür. 1720 metrlik xətt, 17 kabin və saatda 800 sərnişinədək xidmət imkanının olması Laçının turizm məhsulunu şaxələndirə bilər. Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi də şəhərin yalnız regional deyil, beynəlxalq humanitar və mədəni platforma kimi tanıdılmasına əlavə imkan yaradıb.
Böyük Qayıdışın mühüm xüsusiyyəti kəndlərin də müasir prinsiplərlə yenidən qurulmasıdır. Zabux, Sus və Bəylik kəndlərində yaşayış evləri ilə yanaşı məktəb, bağça, tibb məntəqəsi, inzibati binalar, istirahət və ictimai məkanlar yaradılır. Bəylik kəndində 91 fərdi evin tikilməsi, kənddaxili infrastrukturun yaradılması, sosial və iqtisadi obyektlərin formalaşdırılması kənd həyatının bərpasının kompleks şəkildə həyata keçirildiyini göstərir. Zabux və Bəylikdə yaşıl enerjidən istifadə edilməsi isə Qarabağ və Şərqi Zəngəzurda kənd yaşayış məntəqələrinin də enerji keçidinin tərkib hissəsinə çevrildiyini göstərir. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilər üçün seçdiyi inkişaf modelinin mühüm xüsusiyyətidir: “ağıllı şəhər” yanaşması ilə “ağıllı kənd” yanaşmasının paralel inkişafı.
Laçının geniş yaylaq və otlaq imkanları heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Arıçılıq da rayonun ənənəvi və perspektivli təsərrüfat sahələrindən biridir. “Həkəri Balıq Təsərrüfatı”nın yaradılması isə iqtisadi fəaliyyətin yeni istiqamətlər üzrə şaxələndirilməsinə nümunədir. Müəssisədə Kür nərəsi, çökə və forel yetişdirilməsi planlaşdırılır. Bu tip layihələr Laçının iqtisadi modelində yalnız xidmət və turizm sektorunun deyil, real istehsalın da əsas yer tutmasını təmin edir.
Laçın Kəlbəcər, Qubadlı, Zəngilan və digər ərazilərlə birgə Şərqi Zəngəzurun inkişaf xəritəsinin mühüm hissəsidir. Burada nəqliyyat, enerji, su, kənd təsərrüfatı, turizm və sənaye layihələri bir-birini tamamlayır. Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər-Laçın yolu, su elektrik stansiyaları, “Həkəriçay” su anbarı, aqro-sənaye müəssisələri və yaşayış məhəllələri ayrı-ayrı layihələr kimi görünsə də, əslində vahid regional inkişaf sisteminin elementləridir. Bu layihələrin sinxron şəkildə həyata keçirilməsi Laçını gələcəkdə Şərqi Zəngəzurun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevirə bilər.
Laçının bərpasının birinci mərhələsi böyük ölçüdə fiziki quruculuqla bağlı idi. Qarşıdakı mərhələdə isə əsas məsələ yaradılan infrastrukturun iqtisadi və sosial dayanıqlılığını təmin etməkdir. Bunun üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. Birincisi, Laçında yaradılan müəssisələrin istehsal gücündən maksimum istifadə olunmalı, yerli sahibkarların və investorların bölgəyə marağı artırılmalıdır. İkincisi, yeni iş yerlərinin sayından daha çox onların keyfiyyəti, əməkhaqqı və uzunmüddətli dayanıqlılığı ön plana çıxmalıdır. Üçüncüsü, turizm yalnız hotel və istirahət obyektlərinin yaradılması ilə məhdudlaşdırılmamalıdır. Laçının təbiəti, mətbəxi, folkloru, tarixi və mədəni irsi vahid turizm məhsuluna çevrilməlidir. Dördüncüsü, yaşıl enerji potensialı yalnız rayonun elektrik tələbatını ödəmək üçün deyil, yeni sənaye və texnologiya layihələrinin cəlb edilməsi üçün də istifadə edilməlidir. Beşincisi, Böyük Qayıdışın davamlılığı üçün geri qayıdan əhalinin sosial adaptasiyası, təhsil imkanları, səhiyyə xidmətləri və məşğulluğu daim diqqətdə saxlanmalıdır.
Laçının bugünkü mənzərəsi Azərbaycanın son illərdə keçdiyi yolun mühüm nəticələrindən biridir. 1992-ci ildə işğala məruz qalan, əhalisi didərgin salınan və infrastrukturu dağıdılan rayon bu gün yenidən qurulan, əhalisi geri qayıdan, enerji istehsal edən, sənaye müəssisələri yaradan, turizm potensialını reallaşdıran və müasir şəhərsalma prinsipləri əsasında inkişaf edən bir məkana çevrilir. Ən əsası isə Laçın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin ərazilərdə həyatın yenidən qurulmasının mümkün olduğunu nümayiş etdirir. Laçının qarşısında artıq yeni mərhələ dayanır: qurulan şəhəri yaşayan şəhərə, yaradılan infrastrukturu işləyən iqtisadiyyata, təbii potensialı dayanıqlı gəlir mənbəyinə, Böyük Qayıdışı isə uzunmüddətli və davamlı məskunlaşmaya çevirmək. Bu baxımdan Laçının gələcəyi təkcə bir rayonun deyil, Azərbaycanın postmüharibə inkişaf strategiyasının mühüm göstəricilərindən biri olacaq.
Məşhur Məmmədov
Milli Məclisin deputatı












