Təsəvvür edin, dostunuzla, ailənizlə və ya təkbaşına restorana, kafeyə oturmusunuz. Sakitcə yemək yeyirsiniz, söhbət edirsiniz. Bir neçə dəqiqədən sonra masanıza küçə gül satan biri yaxınlaşır. Ardınca başqa biri gəlir, sonra dilənçi. Siz “yox” deyirsiniz, amma bir müddət sonra yenidən başqa biri yaxınlaşır. Nəticədə restorana dincəlmək və vaxt keçirmək üçün gələn insan özünü küçədə hiss etməyə başlayır.
Burada mühüm bir fərq var. Söhbət insanların yoxsulluğundan və ya küçədə işləməsindən getmir. Söhbət onların fəaliyyətinin başqa insanların şəxsi məkanına müdaxilə etməsindən gedir.
İnsan dilənə bilər, gül sata bilər, küçədə müəyyən xidmət göstərə bilər. Amma bu o demək deyil ki, həmin şəxs istənilən restoranın və ya kafeyə məxsus qapalı məkana daxil olaraq müştəriləri bir-bir narahat edə bilər.
Bəs məsuliyyət kimin üzərindədir?
İlk növbədə, məkan sahibinin.
Restoran və ya kafe özəl biznesdir. Sahib müştəridən pul alaraq ona yalnız yemək və içki satmır, müəyyən mənada ona xidmət mühiti də təqdim edir. Müştəri restorana daxil olanda gözləyir ki, masa arxasında rahat otura biləcək, davamlı şəkildə kənar şəxslər tərəfindən narahat edilməyəcək.
Bu baxımdan, restoran sahibi öz obyektində belə hallara yol verməmək üçün daxili qaydalar müəyyən edə bilər. Məsələn, küçə satıcılarının və dilənçilərin müştərilərə məhsul və ya pul təklif etmək məqsədilə masalara yaxınlaşmasına icazə verilməyə bilər.
İşçinin vəzifəsi də sadə olmalıdır: müştəriyə “Sizi narahat edən şəxs var?” deyə soruşmaq yox, problemin qarşısını əvvəlcədən almaq.
Məsələn, obyektin girişində belə bir qayda açıq şəkildə göstərilə bilər:
“Müştərilərin rahatlığını qorumaq məqsədilə obyekt daxilində icazəsiz satış və dilənçilik qadağandır”.
Əgər buna baxmayaraq həmin şəxslər obyektə daxil olursa, restoranın əməkdaşı nəzakətlə onların məkandan çıxmasını tələb etməlidir.
Sözsüs, bütün məsələni restoran sahibinin üzərinə qoymaq da düzgün deyil.
Çünki problem yalnız restoranın içində başlamır.
Əgər müəyyən ərazidə hər gün onlarla küçə satıcısı və dilənçi restoranlara, kafelərə, parklara və digər obyektlərə daxil olaraq insanları narahat edirsə, deməli, artıq bu, şəhər idarəçiliyi məsələsidir.
Burada bələdiyyə və şəhər idarəetmə strukturlarının rolu ortaya çıxır.
Şəhər müəyyən etməlidir ki, küçə ticarəti harada mümkündür, harada mümkün deyil. Gül satmaq istəyən insan üçün qanuni və müəyyən edilmiş satış yerləri ola bilər. Sosial dəstəyə ehtiyacı olan insanlar üçün isə sosial xidmət mexanizmləri yaradılmalıdır.
Ən pis model isə indiki kimi “hamı küçədə istədiyini etsin, narahatlıq yarananda isə restoran sahibi özü həll etsin” yanaşmasıdır.
Bəs dilənçilik?
Burada daha həssas yanaşma lazımdır.
Çünki dilənən insanın qarşısında bəzən real sosial problem dayanır: işsizlik, evsizlik, yoxsulluq, ailə vəziyyəti və s. Problemi sadəcə “hamısını küçədən yığışdıraq” prinsipi ilə həll etmək həm insani, həm də idarəçilik baxımından düzgün deyil.
Düzgün yanaşma iki xətt üzrə getməlidir:
Birinci xətt – müştərinin hüququ.
İnsan restoranda oturarkən davamlı şəkildə pul istənilməsindən qorunmalıdır.
İkinci xətt – sosial siyasət.
Həqiqətən yardıma ehtiyacı olan şəxs küçədən sadəcə uzaqlaşdırılmamalı, sosial xidmətlərə yönləndirilməlidir.
Beləliklə, şəhər həm ictimai məkanın rahatlığını qoruyur, həm də yoxsulluğu sadəcə görünməz etməyə çalışmır.
Ən vacib prinsip: “xeyr” cavabı kifayət etməlidir.
Məsələnin ən sadə ölçüsü budur.
Bir insan restoranda oturubsa və ona gül satmaq təklif olunursa, “yox, təşəkkür edirəm” deməsi kifayət etməlidir.
İkinci dəfə yaxınlaşmaq, üçüncü dəfə başqa məhsul təklif etmək, pul istəmək, emosional təzyiq göstərmək artıq xidmət deyil – narahat etmədir.
Şəhərin mədəniyyəti təkcə binaların, yolların və parkların gözəlliyi ilə ölçülmür. Şəhərin mədəniyyəti həm də insanın bir kafedə oturub sakitcə qəhvəsini içə bilməsi ilə ölçülür.
Deməli, üçtərəfli sistem lazımdır
Bu problemin normal həlli üçün məsuliyyət belə bölüşdürülə bilər:
Restoran və kafe sahibi öz obyektində icazəsiz satış və dilənçiliyə yol verməməli, işçiləri vasitəsilə müştərinin rahatlığını qorumalıdır.
Elmar
Gununsesi.info











