Bakıda nəqliyyat sistemində yaranmış ciddi sıxlıq və faktiki kollaps fonunda “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması və aparılan təmir işləri də əsas səbəblərdən biri kimi müzakirə olunur.
Gununsesi.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli metroda təmir işlərinin planlaşdırılması ilə bağlı suallar səsləndirib.
Cəfərli hesab edir ki, əgər təmir işlərinin şəhər nəqliyyatına bu qədər ciddi təsir göstərəcəyi əvvəlcədən məlum idisə, onların avqustun sonlarına təsadüf etdirilməsi izah olunmalıdır.
“Əgər doğrudan da metroda aparılan təmir işləri bu qədər təsir edirsə-edəcəkdirsə, bu öncədən bilinirdi. Bilinirdisə, o zaman təmir işlərinə niyə avqustun sonunda başladılar? Bunu kim və necə planlayır?” – deyə o sual edib.
Onun fikrincə, təmirə may ayının sonunda, məktəblərin və universitetlərin tədris ilini başa vurduğu dövrdə başlamaq daha məqsədəuyğun ola bilərdi. Belə olan halda təmir müddətinin ən azı 3-3,5 ayı yay mövsümünə, nəqliyyat intensivliyinin nisbətən azaldığı dövrə düşərdi.
Cəfərli bununla yanaşı, həmin müddətdə yeni yaradılan avtobus marşrutlarının da sınaqdan keçirilməsinin və zəruri dəyişikliklərin aparılmasının mümkün olduğunu vurğulayıb.
“Mayın sonunda təmir işlərinə başlayıb, qış tətilinə qədər təmiri bitirmək olardı. Beləliklə, təhsil ilinin yalnız yarısı bu təmir dövrünə düşə bilərdi”, – deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, mövcud qrafikdə isə təmir işlərinin 8-9 ay davam edəcəyi bildirilir və bu, faktiki olaraq bütün təhsil ilinin nəqliyyat sistemindəki məhdudiyyətlər fonunda keçməsi deməkdir.
“İndi gözlədilər, avqustun sonuna yaxın başladılar, 8-9 ay davam edəcək. Deməli, bütün təhsil ili təmir işləri dövrünə düşəcək və ‘ağıllı’ qərar verənlər gələn yay, təhsil ili bitəndə təmir işlərini də bitirib yolu açacaqlar. Nə isə…” – deyə Natiq Cəfərli yazıb.
Cəfərlinin fikirləri Bakıda nəqliyyat infrastrukturunda təmir və yenilənmə işlərinin yalnız texniki deyil, həm də şəhərin gündəlik hərəkətliliyinə təsir baxımından necə planlaşdırıldığı məsələsini gündəmə gətirir.
Elmar












