“Bir tərəfdən Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edən, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləyən rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin səmimi olması şübhə yaradır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O deyib ki, Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib:
“Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davam edir. Bunlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edir. Bütün bunlar fonunda, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası və eləcə də Ermənistan hakimiyyətinin mövqeyi qəbuledilməzdir.
Sözügedən səfərdən sonra yayılan məlumatlar və revanişt kampaniyasının arxasında Ermənistan hakimiyyətinin özünün dayandığından xəbər verir. Eyni zamanda, mövzu ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. Bütün bunlar Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Halbuki, dayanıqlı sülh Ermənistanın özünün inkişafı üçün vacib şərtlərdən hesab edilir.
Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək və eləcə də təbii qaz idxal etmək niyyətini gizlətməyən Ermənistan hakimiyyətinin revanşizmi dəstəkləməsi rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Bütün bunlar ilə yanaşı, Azərbaycan regionda sülh və əməkdaşlığa töhvə verməkdə davam edir və Qafqazın dayanıqlı inkişafı da məhz davamlı sülhdən keçir”.












