Azərbaycanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Sultan Qasımovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Gununsesi.info “Haqqın.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin iştirak etmədiyi məlum olub.
Hakim Sultan Qasımovdan müdafiəçisinin məhkəməyə gəlməməsinin səbəbini soruşub. Keçmiş diplomat vəkillə bir gün əvvəl müqavilə bağladığını, onun isə başqa işlərlə əlaqədar Gəncə və Şamaxıya getdiyini bildirib.
Hakim bunu məhkəmə prosesini süni şəkildə uzatmaq cəhdi kimi qiymətləndirib.
Prokuror vəkilin hazırlıq iclasında iştirak etməməsini nəzərə alaraq prosesin təxirə salınmasını təklif edib. Məhkəmə iclası sentyabrın 30-dək təxirə salınıb.
Qeyd edək ki, əvvəlki prosesdə Sultan Qasımov ittiham aktının surətini almadığını bildirmiş, dövlət hesabına təyin olunan vəkildən imtina etmiş və başqa müdafiəçi ilə müqavilə bağlayacağını açıqlamışdı.
Keçmiş baş konsul barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İstintaq zamanı zərərçəkmiş şəxslərə 200 min manatdan çox ziyan vurulduğu müəyyən edilib. İş üzrə Anton Zayats və Faiq Mikayılov zərərçəkmiş qismində tanınıblar. Dəymiş ziyanın bir hissəsi istintaq dövründə ödənilib.
İttihama əsasən, Sultan Qasımov Rusiyada yaşayan Anton Zayatsa hərrac yolu ilə torpaq sahəsi alacağını vəd edib. O, digər zərərçəkənə isə qızıl-zinət əşyalarını hava yolu ilə başqa ölkəyə göndərəcəyini bildirib.
Keçmiş diplomata Azərbaycan Cinayət Məcəlləsinin 12.1 və 178.3.2-ci maddələri ilə – ölkə hüdudlarından kənarda külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb.
Sultan Qasımov 2009-cu ildə Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərində ilk baş konsulu təyin edilib. O, 2016-cı ilin mayında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsinə təyinat alıb. Sultan Qasımov 2024-cü il oktyabrın 21-də həmin vəzifədən geri çağırılıb.












