Keçmiş arvadının 3 qabırğasını sındıran kişi cinayət məsuliyyətindən azad olundu

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2026 10:29

Lənkəran Rayon Məhkəməsi Boladi kəndində keçmiş həyat yoldaşını döyərək ona az ağır bədən xəsarətləri yetirməkdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, hakim Anar Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən İ.M-un işi araşdırılıb.

Məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə gecə saatlarında Lənkəran rayonunun Boladi kəndində baş verib.

İttihama əsasən, İ.M keçmiş həyat yoldaşı G. M ilə mobil telefon üstündə yaranan mübahisə zamanı ona bir neçə zərbə endirib.

Nəticədə qadının başı divara dəyərək yerə yıxılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qadının sağ tərəfdə üç qabırğası sınıb, başının ənsə nahiyəsində əzilmiş yara, sağ budunda isə qançır yaranıb. Ekspert həmin xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirib.

Məhkəmədə İ.M özünü təqsirli bilməyərək qadını yalnız itələdiyini iddia edib və ekspert rəyinin əsassız olduğunu bildirib.

Lakin məhkəməyədək araşdırma zamanı verdiyi ifadəsində eks yoldaşını  bir neçə dəfə itələdiyini, başının divara dəydiyini və daha sonra onun üz nahiyəsinə zərbələr endirdiyini etiraf edib.

Məhkəmə zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini və ekspert rəyini araşdıraraq İ.M-un əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edib.

Qərarda qeyd olunur ki, G.M məhkəmədə ilkin olaraq keçmiş həyat yoldaşı ilə barışmadığını və ona dəymiş ziyanın ödənilmədiyini bildirib. O, təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini istəyib.

Lakin sonradan məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiqlənmiş ərizəsində İ.M ilə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və heç bir şikayətinin, eləcə də tələbinin olmadığını bildirib.

Məhkəmə cinayət işinə xitam verib

Məhkəmə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərini nəzərə alaraq, zərərçəkmiş şəxslə barışan və ona dəymiş ziyanı tam ödəyən şəxsin cinayət məsuliyyətindən azad edilə biləcəyini qeyd edib.

Nəticədə İ.M cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət işi üzrə icraata xitam verilib.

Günay Mahirqızı

Gununsesi.info