Bu gün Azərbaycanda Aşuradır.
Aşura günü iyunun 25-nə təsadüf edir.
Hər il keçirilən Aşura mərasimlərində azyaşlıların iştirakı cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Dövlət qurumları da mərasimlərdən əvvəl valideynlərə müraciət edərək uşaqların bu tədbirlərə aparılmamasını tövsiyə edir. Buna baxmayaraq, Aşura günlərində yayılan foto və görüntülərdə valideynlərin övladları ilə birlikdə mərasimlərdə iştirak etdiyi görünür.
Bəs, azyaşlıların Aşura mərasimlərinə qatılması nə dərəcədə məqsədəuyğundur? Uşaqların bu tədbirlərdən uzaq saxlanılması vacibdirmi?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan jurnalist Elman Cəfərli məsələyə belə münasibət bildirib:

“İslam tarixinin ən mühüm hadisələrindən biri olan Kərbəla faciəsinin anım günləri əksər şiə ölkələrində olduğu kimi Azərbaycanda da qeyd olunur. Tarixdən məlumdur ki, bu faciə 680-ci il oktyabrın 10-da, hicri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla yaxınlığında baş verib. İslam peyğəmbəri Həzrəti Məhəmmədin nəvəsi İmam Hüseyn və onun azsaylı tərəfdarları Yezid ibn Müaviyə ordusu ilə qeyri-bərabər döyüşdə amansızlıqla öldürülüblər. Şiə inancında Aşura zülmə, haqsızlığa qarşı müqavimətin, ədalət uğrunda mübarizənin, fədakarlıq və şəhadətin simvolu hesab olunur. Xatırladaq ki, İmam Hüseyn atasının düşməni olmuş Müaviyənin oğlu Yezidin hakimiyyətini legitim saymırdı. Sözsüz ki, Yeziq iqtidarı daha sivil, qansız şəkildə problem həll edə bilərdi. Hər halda peyğəmbərin nəvəsinin o şəkildə öldürülməsi yanlış addım idi. Bu yanlışlıq islam aləmində böyük bir ədavətin əsasını qoydu, ümməti ikiyə böldü. Amma 1400 ildən sonra da bəzi çevrələrin bu olay üzərində siyasət qurması, ədavəti daha da qızışdırması xoşniyyətli bir hal deyil.
Aşura olayının üzərində siyasət quran 1 nömrəli dövlət İran İslam Repsublikası və onun vilayəti fəqih sistemidir. 35 ildir İran sekulyar dövlət olan Azərbaycana da bu ideologiyanı ixrac etmək, daxildə parçalanma yaratmaq istəyir. Lakin nə dövlət buna imkan verir, nə də cəmiyyətimiz dini cəhalətin yayılmasına şərait yaradır. Bir şeyi nəzərə almırlar ki, Azərbaycan 1828-ci ildən şəriət hüquq sistemindən uzaqlaşıb. Bizim cəmiyyədə sivil, dünyəvi qanunlar hakimdir. Dünyəvi təhsil verən ana dilində məktəblərin yaranmasının 200 illik ənənəsi var. Yəni deməyim odur ki, Azərbaycan insanı İran ideologiyasına “xam mal” ola bilməz. Bunu gözləyənlər yanılır. Amma nə qədər mübarizə aparsaq da, cəhalətə, mövhumata meyllənən insanlar, qruplar yox deyil. Sirr deyil ki, onlar İrandan himayə olunurlar”.
Jurnalist qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığı var və bütün dini konfessiyaların dini etiqad və ayinlərini sərbəst şəkildə icra etmələri üçün şərait yaradılıb:
“Bundan sui istifadə edib yetkinlik yaşına çatmayan uşaqları Aura mərasimlərinə cəlb etmək doğru deyil. Sosial şəbəkələrdə İranda, İraqda və digər şiə ölkələrində azyaşlıların Aşura ərasimlərinı cəlb edildiyini göstərən videolar paylaşılır. Bəzi düşüncəsiz valideynlər hətta uşaqların əlinə xəncər, qəmə verib özlərinə xəsarət etmələrinə imkan yaradırlar. Bundan zövq alır, hesab edirlər ki, uşaqlarını daha imanlı böyüdürlər. Halbuki uşaqların dini ayinlərə aparılmasını qanunlar da yasaqlayır. İkincisi, uşaqların gözü qarşısında başyarma kimi özünə xəsarət hərəkətlərinin nümayiş etdirilməsi doğru deyil. Uşaq dünyası zərif və həssasdır, onların psixologiyası gördükləri hadisələrdən dərin şəkildə təsirlənə bilər. Din insanlara mərhəmət, şəfqət və mənəvi kamillik aşıladığı kimi, uşaqların da dini dəyərlərlə sağlam və müsbət şəkildə tanış olmasını tələb edir. Avropanın modern ölkələrində hətta heyvanların açıq yerlərdə kəsilməsi qadağan edilib. Hesab edilir ki, heyvanların bu şəkildə qətl edilməsi insanlarda, xüsusən uçaqlarda psixi sarsıntılar yarada bilər. Biz heç kimin dini rituallarına qarşı deyilik. Amma XXI əsrdə artıq müəyyən köhnəlmiş adətlər sıradan çıxmalıdır.
Aşura günü faciənin, ədalət uğrunda mübarizənin və mənəvi fədakarlığın xatırlandığı bir gündür. O gündə ancaq xeyirxah əməllər icra olunmalı, qanvermə aksiyaları təşkil edilməlidir. İnsanın özünü döyməsi, yaralaması özündən başqa kiməsə zərər vermir. Bu əməllərin mənəvi rahatlığı, savabı da yoxdur. Müqəddəs kitabımız Qurani Kərimdə qeyd olunur ki, insanın dəyəri onun mənşəyi və ya var-dövləti ilə deyil, təqvası və yaxşı əməlləri ilə ölçülür. İslam ənənəsində yaxşılıq təkcə ibadətlə məhdudlaşmır. İslam peyğəmbəri öz ümmətinə ehtiyacı olana kömək etməyi, ədalətli davranmağı, qonşuya yaxşılıq etməyi, ehtiyac sahiblərini sevindirməyi, cəmiyyətə fayda verməyi vəsiyyət edib. Uşaqlar qan-qadadan, mövhumatdan uzaq tutaq. Bizim yolumuz Əfqanıstan yolu deyil. Biz artıq 35 ildir öz yolumuzu müəyyən etmişik. Sekulyar Azərbaycan cəmiyyəti elm, təhsil, maarif yolunu seçib. Bu yoldan sapmaq olmaz. Möbhumatçıları özbaşına qoysaq 15 ildən sonra dünyəvi düşüncənin hakim olması ilə öyündüyümüz cəmiyyəti tanımaq mümkün olmayacaq”.
Şəbnəm Rəhimova











