Avropa Məhkəməsi Bəxtiyar Hacıyevə görə Azərbaycanı cərimələdi

  • By admin
  • 22 Aprel 2021 15:19

“Avropa İnsan Hüquqları Məhkəməsi bu gün mənim şikayətim əsasında Azərbaycana qarşı növbəti qərarını açıqlayıb. Şikayət polis şöbəsində saxlandığım zaman pis rəftarla bağlı idi”.

Gununsesi.info -nun xəbərinə görə, bunu gənc fəal Bəxtiyar Hacıyev bildirib:

“Məhkəmə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinin (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) Azərbaycan dövləti tərəfindən pozulması faktını tanıyıb, Gəncə şəhər, Nizami rayon polis şöbəsində qeyri-insani, pis rəftara məruz qalmağımla bağlı şikayətimi yekdilliklə təmin edib. Eyni zamanda Azərbaycan dövlətinin Konvensiyanın 34-cü maddəsindəki öhdəliklərini yerinə yetirmədiyinə qərar verilib”.

Məhkəmə qeyd edir ki, Azərbaycan tərəfi iddia edib ki, bədənimdəki xəsarətləri özüm-özümə yetirmişəm, ancaq israrlı tələblərə baxmayaraq bunu sübut edəcək heç bir sənəd göndərə bilməyiblər. Belə olan halda isə polis şöbəsində saxlanılan vətəndaşı dövlət qorumalıdır, onun bədənindəki xəsarətlərin necə əmələ gəldiyini sübut edə bilmirsə, deməli, polis tərəfindən edildiyini demək olar.

Hacıyev deyib ki, Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə Azərbaycan dövlətinin mənə 12.000 avro kompensasiya verməsinə qərar verib. Dövlət bu kompensasiyanı növbəti 3 ay ərzində ödəməlidir.

2011-ci ildə bu şikayətimə səbəb olan saxlanmamda və mənə qarşı tərbiyəsizcə, vəhşicə yumruq vuran Vüsal Şəbəndiyevi isə Daxili İşlər Naziri Vilayət Eyvazov 2 ay əvvəl Masallı Rayon Polis Şöbəsinə rəis təyin edib. Azərbaycan vətəndaşlarına qarşı pis rəftar edən, işgəncə verən şəxsləri irəli çəkməklə Azərbaycan dövlətinə qarşı belə qərarlar qəbul etdirir, ölkənin nüfuzuna zərbə vururlar.

Bu şikayətin hazırlanmasında və müdafiəmdə əvəzsiz rolu olan hörmətli hüquqşünas İntiqam müəllim Əliyev, 2011-ci ildə Gəncə polisində saxlandığım ilk anlarda yanımda olan Əlayif Həsənov, Elçin Namazov, Səadət Seyidli və digər vəkillər, digər dostlara və yaxınlarıma təşəkkür edirəm.