Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada müraciət edə biləcəklər.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
Bildirilib ki, yeni qaydalara əsasən, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar artıq kağız daşıyıcıda deyil, elektron sənəd formasında təqdim olunacaq.
Dövlət rüsumu ödənildikdən sonra qərar müraciət edənin myGov portalındakı elektron kabinetinə yerləşdiriləcək, eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək.
Bununla yanaşı, vətəndaşlar üçün fiziki müraciət imkanı da qüvvədə saxlanılır.
Qeyd olunub ki, əvvəlki qaydada kağız daşıyıcıda verilmiş qərarlar üzərində göstərilən müddətin sonunadək hüquqi qüvvəsini qoruyacaq.
Müvəqqəti olma müddətinin uzadılması aşağıdakı hallarda mümkündür:
-Təcili müalicəyə ehtiyac yarandıqda.
-Azərbaycanda yaşayan yaxın qohum ağır xəstələndikdə və ya vəfat etdikdə.
-Valideynin, həyat yoldaşının, övladın, qardaşın və ya bacının müvəqqəti olma müddəti uzadıldıqda.
-Xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işlərinin başa çatdırılmaması ilə bağlı onu dəvət edən təşkilat əsaslandırılmış vəsatət təqdim etdikdə, həmçinin tranzit keçid zamanı məcburi dayanma hallarında.
Yeni tətbiqin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün xidmətlərin daha operativ və əlçatan göstərilməsinə şərait yaradacağı gözlənilir.












