Bakı və İrəvan sülh masasında: Yeni vasitəçi kim olacaq?

  • By admin
  • 16 Mart 2022 12:05

Azərbaycanın Ermənistana 5 bəndlik ilkin şərt təqdim etdiyi haqda məlumat ölkə mediasında yer aldı və böyük müzakirələrə səbəb oldu. Şərtlərdə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalıdır. O cümlədən, Qarabağa hər hansı iddiadan imtina edilməlidir. Həmçinin, Ermənistan qoşunlarını anklavlardan çıxarmalıdır. 

İrəvan bu şərtləri qəbul edəcəkmi? Sülh danışıqlarında yeni vasitəçilər kim olacaq? Ermənistan öz şərtlərində ATƏT-in Minsk qrupundan dəm vurur, Bakı İrəvanın bu şərtini qəbul edəcəkmi? 

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, ATƏT-in Minsk qrupunun əvəzində Bakı “5+1” ölkələrini yeni vasitəçi formatı kimi təklif edə bilər.

Müsahibəni təqdim edirik:

-Qabil bəy, Azərbaycan Ermənistana sülh müqaviləsinin şərtlərini təqdim etdi və həmin şərtlər ilk dəfə ictimaiyyətə açıqlandı. Bəs, İrəvan Bakının 5 bəndlik şərtlərini qəbul edəcəkmi? 

– Düşünürəm ki, rəsmi Bakının İrəvana qarşı irəli sürdüyü şərtlər çoxdan Azərbaycanın ictimai rəyinə, fikrinə bəllidir. Söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından gedir. Bundan sonra sülhyaratma prosesinə başlanıla bilər. Həmin kontekstdə Azərbaycan tərəfi həm də sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini, eləcə də kommunikasiya xətlərinin açılmasını irəli sürür. Azərbaycan bu şərtlər ətrafında Ermənistanla yekun danışıqların aparılmasında israrlı və maraqlı görünür. Rəsmi Bakı bu danışıqların intensiv surətdə aparılmasını İrəvanın diqqətinə çatdırır.

– İrəvanın Bakının şərtləri ilə razılaşacağı inandırıcıdırmı? 

– Hələlik İrəvan həmişəki ampluasındadır. Ermənilər xüsusən ərazi bütövlüyü və sülhyaratma prosesində guya “işləməli olan” beynəlxalq təşkilat kimi  ATƏT-in Minsk qrupunu qabardırlar. Ermənistanın əsas cəhdlərindən biri ondan ibarətdir ki, “Dağlıq Qarabağ” adlandırdıqları gorbagor olmuş qurumu yenidən canlandırsınlar. Onu yenidən danışıqların gündəminə daxil etmək istəyirlər. Buna görə də Azərbaycanla Ermənistanın mövqeləri arasında bir sıra fərqlər var. Ən başlıcası, Ermənistanın siyasi elitası Azərbaycanın ərazi bütövlüyünü yaxına buraxmaq istəmir. Çalışırlar ki, “Dağlıq Qarabağ” oyununu yenidən gündəmə gətirsinlər. Ermənistan tərəfi də sülh danışıqları ilə bağlı Azərbaycana cavab kontekstində öz fikirlərini artıq açıqlayıb. Məsəl var, deyərlər ki, ayının min oyunu var, bir armudun başında… Belə məlum olur ki, İrəvandakı siyasi hakimiyyət Qarabağın dağlıq hissəsindəki separatçıları da danışıqlar prosesinin bir obyekti kimi tanıtdırmağa, onları da “gündəmə gətirməyə” səy göstərir.

– Azərbaycan ATƏT-in Minsk qrupunun yenidən bölgəyə gəlişinə razı deyil. Belə olan halda Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçi kimlər ola bilər? 

– Azərbaycan tərəfi Minsk qrupunun lazımsız olduğunu irəli sürərkən bir məntiqə əsaslanır; müharibə demək olar ki, başa çatıb. İndi sülhyaratma prosesi ilə məşğul olmaq lazımdır. Yəni, ATƏT-in Minsk qrupunun burada görə biləcəyi işlərin hamısı görülüb. Beləliklə, həmsədrlərin  burada nəsə etmələri üçün heç bir iş qalmayıb. Azərbaycan tərəfinin bu məsələdə məntiqi kifayət qədər aydındır. Gəlin, düşünək; ATƏT-in Minsk qrupu münaqişə başa çatdıqdan sonra burada hansı işlərlə məşğul ola bilər ki?! Ümumiyyətlə, Birinci və İkinci Qarabağ savaşı arasındakı atəşkəs dönəmində bu qurum heç bir fəaliyyətlə yadda qalmadı. Elə indi də nəsə edəcəkləri inandırıcı görünmür. Onu da unutmamalıyıq ki, ATƏT-in Minsk qrupu vasitəçilik dönəmində öz ermənipərəst mövqeyi ilə seçilib. Ermənistan elə ona görə də həmsədrlərin vasitəçiliyində maraqlıdır. İrəvan bununla Qarabağın dağlıq hissəsindəki ermənilərin “maraqlarını” qorumağa və yenidən gündəmə gətirməyə çalışır.

– Bəs, Azərbaycanın onların bu vasitəçilik təklifinə alternativləri varmı? 

– Əslində, Azərbaycanın alternativ vasitəçi təklifi var. Söhbət hələ formalaşması tam başa çatmayan altılıq formatından və ya “5+1” formatından gedir. Həmin qrupun fəaliyyətə başlaması ilə Ermənistanla Azərbaycan arasındakı sülhyaratma prosesində iştirak edə bilərlər. Bölgədə yaxın qonşuların daxil olduğu bu format bütün beynəlxalq təşkilatların funksiyasını yerinə yetirə bilər. “5+1” formatı 2 iclasını keçirib və özünün təsisini başa çatdırıb. Amma hələ ki, çox populyarlaşmamış bir formatdır. Ona görə də bu qurum ictimai şüura, rəyə yetərincə oturmayıb. Bu format öz fəaliyyətini qaydasına saldıqdan, gündəmə daxil olduqdan sonra populyarlaşacaq və öz işinin öhdəsindən gələ biləcək. Mənə elə gəlir ki, bundan sonra beynəlxalq qurumların meydanda olmasına o qədər də ehtiyac yoxdur. Bu faktı da qeyd edim ki, hazırda ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər bir-biri ilə münaqişə vəziyyətindədir. Onların aralarında ixtilaflar var. Söhbət Qərb dünyası – Amerika Birləşmiş Ştatları, Fransa ilə Rusiya arasındakı gərginlikdən gedir. Belə olan halda bu təşkilatın yenidən dirçəldilməsi və sülhyaratma proseslərinə qoşulması da kifayət qədər risklidir. Ən azından mən belə düşünürəm. Hətta bu durum kifayət qədər problemli bir vəziyyət yarada bilər.

– “5+1”dən və ATƏT-in Minsk qrupundan başqa Türkiyənin də iştirakı ilə digər vasitəçilərlə böyük sülh müqaviləsinə hazırlıq məsələsinin müzakirə olunma ehtimalı nə qədərdir? 

– Zənnimcə, “5+1” formatı mövcud reallıqlara kifayət qədər uyğun bir qrupdur. Eyni zamanda, hamı tərəfindən qəbul edilə biləcək bir qurumdur. Söhbət Azərbaycan-Türkiyə-Rusiya-İran-Gürcüstan-Ermənistanın yer aldığı qrupdan gedir. Gələcəkdə bu prosesə Gürcüstanın da qoşulması uyğun ola bilər.

– Ermənistanın havadarları yenə də sülh müqaviləsinin imzalanmasına mane ola bilərlərmi? 

– Bəli, risklər mövcuddur. Düşünürəm ki, Rusiyanın özü də bu proseslərdə qeyri-konstruktiv mövqe tuta bilər. Əgər öz iştirakını həmin prosesdə görməsə, Moskva bu prosesə mane olmağa çalışacaq. Hazırda Rusiya ətrafında çox ciddi mübarizə gedir. Rusiyanın Ukraynaya hücumu kifayət qədər problemlər doğurub. Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarında iştirakı ilə bağlı hər hansı problem yoxdur. Ankara da bu danışıqlarda iştirak edə bilər. İranla bağlı müəyyən çəkingənliklər olsa da, düşünürəm ki, Tehranın da bu proseslərdə iştirakı ilə bağlı ciddi fikir ayrılıqları olmayacaq. Fransa bu münaqişənin baş verdiyi arealdan xeyli uzaqdadır, amma uzun müddət danışıqlarda vasitəçilik edib. Fransa 27 il ərzində ATƏT-in Minsk qrupunun tərkibində bölgəyə gəldi və heç nə etmədi. İndi də yenidən bölgəyə gələrək danışıqlar prosesində təmsil olunmaq istəyir. Elə ABŞ-ın özü də ATƏT-in Minsk qrupunun tərkibində qeyri-konstruktiv addımlar atmaqla yadda qaldı. Amerika indi də Qarabağdakı separatçı ermənilərə 2 milyon dollar yardımın ayrılması ilə gündəmə gəlib. Belə götürüləndə son sadalanan ölkələrin hamısı ilə bağlı ciddi problemlər var. Hesab edirəm ki, vasitəçilik problemlərini həyata keçirməklə sülhyaratma prosesini gerçəkləşdirmək hələ ki, özünü doğrultmayan variantdır. Bəlkə də elə iki dövlət özləri birbaşa danışıqlar masasına oturmalıdır. Düşünürəm ki, Azərbaycanla Ermənistan özləri vasitəçi olmadan danışıqlar masasına oturaraq bu məsələləri həll etsələr, daha böyük uğur gətirə bilər. Hətta sülh danışıqlarına BMT-nin hər hansı bir qurumunun nəzarət etməsi yetərlidir. Mən belə düşünürəm. Hələlik hər hansı bir beynəlxalq qurumun iştirakı ilə vasitəçilik missiyasının yaradılmasına ehtiyac görünmür. Qərb dövlətləri isə vasitəçi bir təşkilatın ərsəyə gətirilməsində iddialıdır. Hətta ATƏT-in Minsk qrupunun özünü də vasitəçi kimi təsəvvür edirlər. Üstəlik, yeni bir vasitəçi missiya yaradaraq əvvəlki həmsədrlərin oraya daxil edilməsini də gündəmə gətirə bilərlər. Əgər “5+1” formatı baş tutmasa, o zaman Azərbaycan ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsini tələb etməlidir. Ən azından Fransa və Rusiya oradan çıxarılmalıdır. Hətta Bakı Berlinin də yeni təşkil edilə biləcək formata daxil edilməsini təklif edə bilər. Bakı müraciət edə bilər ki, vasitəçilər tərəf tutmamalıdır və neytral statusda olan beynəlxalq təşkilatlar burada iştirak edə bilər. Biz artıq ATƏT-in Minsk qrupunun öz missiyasını başa vurmuş hesab edirik.

Gununsesi.info