Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib ki, əgər desək ki, kim İsveçdəki kimi yazmaq istəyirsə və təşəbbüsü varsa, yazsın və dövlət onu dəstəkləsin, Azərbaycanda bütün işsiz-gücsüz insanlar kitab yazmaqla məşğul olacaq.
O qeyd edib ki, bu gün Azərbaycanda heç kimə lazım olmayan müəllif, roman, şeir, povest, hekayənin qarşısında dayana bilmirlər:
“Bu gün yazı qabiliyyəti olmayan adamlar meydandan çıxmaq istəmir. Onlar istəyirlər ki, əsərləri tərcümə olunsun, əsərləri nəşr olunsun. Şəxsən mən və Mədəniyyət Nazirliyi yaxşı ədəbiyyatın yaranmasından yanayıq. Biz yeni müəlliflər yaratmalıyıq – mən elə düşünürəm. Hətta sovet hökuməti ən zəif zamanında belə yeni müəlliflər yarada bildi. Onların içində kifayət qədər mükəmməl yazan yazarlar var idi. Amma bu gün reallıq var: Azərbaycanda kifayət qədər ciddi əsər yazmış müəllif axtarıram. Gəlsin, biz onun arxasındayıq”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı məsələyə belə münasibət bildirib:

“Bu fikir həm yalnışdır, həm də yaradıcı prosesin incəliklərini kobudcasına təhrif edir. Yaradıcılığı yalnız sosial-iqtisadi vəziyyətlə ölçmək, yaradıcı insanları “işsiz-gücsüz” kateqoriyasına salmaq, ədəbiyyatın dərinliyini və motivlərini anlamamaq deməkdir.
Tolstoy, Dostoyevski, Orxan Pamuk, Çingiz Aytmatov, Anar kimi böyük yazıçılar heç də işsiz deyildilər, ancaq möhtəşəm əsərlər yaradıblar”.
Fərid Şahbazlı əlavə edib ki, əgər məqsəd keyfiyyətsiz əsərlərə diqqət çəkməkdirsə, dil və üslub səviyyəli, meyar isə obyektiv və əsaslandırılmış olmalıdır:
“Yaxşı əsəri pisdən ayırmaq üçün primitiv yanaşma yolverilməzdir. Yaradıcı olmaq iş deyil, düşünmək, cəmiyyətə dəyər qatmaqdır.
Əgər müvafiq sahəyə rəhbərlik edən şəxs bunu anlamırsa, bu, ədəbiyyat və yaradıcılıq üçün ciddi təhlükədir. Yaradıcılığı sırf sosial-iqtisadi vəziyyətlə məhdudlaşdırmaq və onu kiçiltmək həm gülünc, həm də zərərlidir”.
Şəbnəm













