FHN metronun “8 Noyabr” stansiyasında yanğın-taktiki təlim keçirib - VİDEO

  • By admin
  • 14 May 2022 11:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “Bakı Metropoliteni” QSC-nin “8 Noyabr” stansiyasında yanğın-taktiki təlim keçirib.

Gununsesi.info FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı qarnizonunun Nəsimi, Binəqədi, Yasamal Rayon Yanğından Mühafizə hissələrinin və 1 saylı Xüsüsi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək “tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa müddətdə uğurla icra ediblər.

Yekunda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.

Gununsesi.info