İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirildi

  • By admin
  • 25 Fevral 2022 14:38

İtaliya Senatının plenar iclasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasından olan senator Maria Rizzotti həmin Assosiasiyanın üzvlərinin adından Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat səsləndirərək İtaliyanı Xocalı faktlarını soyqırımı kimi tanımağa çağırıb.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, senator bəyanatında fevralın 26-nın Azərbaycan xalqı üçün böyük bir ağrının ildönümü olduğunu bildirib.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki azərbaycanlılara qarşı törədilmiş çox ağır Xocalı qətliamının 30-cu ildönümünü anırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verənlər müasir tarixin ən dəhşətli səhifələrindən birini, Ermənistanla Azərbaycan arasında onilliklərlə davam edən münaqişə ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş böyük cinayəti və birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsini təcəssüm edir, – o vurğulayıb.

M.Rizzoti Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığını, 150 nəfərin taleyinin hələ də naməlum olaraq qaldığını, çoxsaylı ailələrin bütövlükdə məhv edildiyini, çoxsaylı körpələrin hər iki valideynindən yetim qaldığını diqqətə çatdırıb: “Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Xüsusilə qeyd etmək istərdim ki, bu dəhşətli qətliamı törədənlər hələ də cəzasız qalırlar. Dünya səviyyəsində yaşadığımız belə dramatik bir məqamda, beynəlxalq ictimaiyyətin bu qırğına görə məsuliyyətin tanınmasında israr etməsi və Ermənistanın törətdiyi əməllərə görə üzr istəyərək nifrət zəncirini qırması, bununla da ölkələr arasında real barışığa və regionun normallaşmasına şərait yaratması çox vacibdir.

Digər Avropa ölkələrində olduğu kimi, artıq İtaliyanın da Xocalı faktlarını əslində olduğu kimi, yəni tək günahı etnik mənşəyi olan dinc əhaliyə qarşı soyqırımı kimi tanıması vacibdir”.

Qeyd edək ki, senatorun bəyanatı İtaliya Senatının televiziyası ilə canlı yayımlanıb.

Gununsesi.info