“Türkoloji Qurultay sovet dövründə türk dünyası üçün mənəvi tələ olub. Bu qurultayın irsi bizə bir-birimizə daha sıx bağlanmağın vacibliyini xatırladır”.
Gununsesi.info xəbər verir ki, bunu Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdulla Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı, həmçinin “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimində çıxışı zamanı deyib:
“Ziyalılar, müəllimlər və elm adamları öz aralarında əlaqələri daha da möhkəmləndirməlidirlər. Çünki dövrümüzün bizdən tələb etdiyi əsas həqiqət birlik və həmrəylikdir.
“Bir millət, iki dövlət” çağırışı da bir-birimizə olan bağlılığımızı və yaxınlığımızı ən gözəl şəkildə ifadə edir. İnanıram ki, bu düşüncə yalnız Azərbaycanda deyil, digər türk dövlətlərində də yaşayır və inkişaf edir.
İstərdim ki, bu birlik təkcə dilçilər və tarixçilər arasında deyil, cəmiyyətin bütün təbəqələrində güclənsin. Texniki sahələrdə çalışanlar, riyaziyyatçılar, həkimlər, mühəndislər və digər peşə sahibləri də bu ortaq dəyərləri tanısın, yaşatsın və gələcək nəsillərə çatdırsınlar.
Bu yolda ömrünü fəda etmiş çoxlu insanlar var. Allah onlara rəhmət eləsin. Bu amal uğrunda çalışan hər kəsə uğurlar arzulayıram”.
Şəbnəm












